Yaponiya parlamenti – Dietin aşağı palatası olan Nümayəndələr Palatası, erkən ümumi seçkilərin keçirilməsi məqsədilə buraxılıb.
Cagdas.az-ın Kyodo-ya istinadən məlumatına görə, Nümayəndələr Palatası bu gün yeni qanunverici dövrün ilk iclasında özünü buraxmaq qərarı verib.
Normal şəraitdə səlahiyyət müddəti 2028-ci ilə qədər davam etməli olan palatanın buraxılması ölkədə təcili erkən seçki prosesini rəsmən işə salıb.
Məlumata əsasən, 8 fevral tarixində keçiriləcək ümumi seçkilər üçün seçki kampaniyası 27 yanvarda başlayacaq.
Baş nazir Takayçi Sanae həftənin əvvəlində verdiyi açıqlamada, Nümayəndələr Palatasının erkən seçkilər üçün 23 yanvarda buraxılacağını bildirmişdi.
Hakim Liberal Demokrat Partiyasında (LDP) baş verən rəhbərlik dəyişikliyindən sonra baş nazir postuna gələn Takayçi, erkən seçkiləri öz baş nazirliyi üçün xalqdan etimad səsi almaq baxımından zəruri hesab etdiyini vurğulayıb.
Yaponiyanın ilk qadın baş naziri kimi 2025-ci ilin oktyabrında vəzifəsinin icrasına başlayan Takayçi bildirib ki, erkən seçki qərarı ilə o, “baş nazir postunu risk altına qoyur və bu vəzifədə qalıb-qalmayacağına seçicilərin qərar verməsini istəyir”.


