Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putin ilə görüşə hazır olduğunu, lakin bunun nə Moskvada, nə də Kiyevdə keçirilməsini istədiyini bildirib.
Çağdaş.Az xəbər verir ki, İtaliyanın “RAI” radiosuna müsahibəsində Zelenski qeyd edib ki, görüş ABŞ-da, Yaxın Şərqdə və ya Avropada baş tuta bilər.
“Mən Putinlə görüş üçün hazıram, amma bu, nə Moskvada, nə də Kiyevdə olmalıdır. Görüş üçün Yaxın Şərq, Avropa və ABŞ daxil olmaqla bir çox variant var”, – deyə o vurğulayıb.
Zelenski həmçinin ABŞ-la davam edən danışıqlara da toxunaraq bildirib ki, bu proses əsasən Yaxın Şərq üzərində cəmlənib. Onun sözlərinə görə, bu səbəbdən Rusiya ilə üçtərəfli danışıqlar təxirə salınıb, lakin yaxın vaxtlarda yenidən bərpa olunacaq.
Yanvarın 28-də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Zelenskinin Moskvaya səfəri və Putinlə üz-üzə görüşü üçün dəvətin edildiyini təsdiqləmişdi. O, Moskvanın Zelenskinin təhlükəsizliyini təmin etməyə və danışıqlar üçün bütün zəruri şəraiti yaratmağa hazır olduğunu vurğulamışdı.
Uşakov əlavə edib ki, Moskva heç vaxt Putin-Zelenski görüşü ideyasını rədd etməyib, lakin belə təmasların nəticə verməsi üçün ciddi şəkildə hazırlanmalı olduğunu düşünür.
Bundan sonra Rusiya tərəfi təhlükəsizlik zəmanəti və iş şəraiti yaratmağa hazır olduğunu bəyan etsə də, Zelenski ritorikasını dəyişərək Moskvaya getmək niyyətində olmadığını bildirib və görüşün Kiyevdə keçirilməsini təklif edib.
Kremlin sözçüsü Dmitri Peskov isə qeyd edib ki, Putinə görüş təklif edən tərəf məhz Zelenski olub.


