Azərbaycanın 2027-ci il dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan qanun layihələri Milli Məclisə təqdim edilib.
Cagdas.az xəbər verir ki, sənədlər parlamentdə müzakirəyə çıxarılacaq.
Son proqnozlara əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat həcmində gözlənilir. Beləliklə, büdcə kəsirinin 3 milyard 146 milyon manat olacağı proqnozlaşdırılır.
Layihədə müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 816,4 milyon manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı illə müqayisədə 98,8 milyon manat və ya 1,1 faiz çoxdur.
Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması üçün isə 3 milyard 438,6 milyon manat vəsait proqnozlaşdırılır. Həmin xərclərin cari illə müqayisədə 102,3 milyon manat və ya 3,1 faiz artırılması planlaşdırılır.
Sənəddə müdafiə və hüquq mühafizə orqanlarının şəxsi heyətinin komplektləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması, həmçinin işğaldan azad olunmuş ərazilərdə müvafiq xidmətlərin təşkili ilə bağlı tələbat nəzərə alınıb.
Bundan başqa, 20 il və daha çox xidmət etmiş, xidmətdə olan və ehtiyata buraxılmış hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclər üçün 15 milyon manat nəzərdə tutulur. Yaşayış yeri olmayan hərbi qulluqçulara kirayə mənzilə görə pul kompensasiyasının ödənilməsinə isə 14,7 milyon manat ayrılması planlaşdırılır.
Gələn ilin büdcəsində əsaslı xərclər üçün 13 milyard 800 milyon manat vəsait proqnozlaşdırılır. Bu, ümumi büdcə xərclərinin 32,5 faizini təşkil edir. Xüsusi müdafiə təyinatlı layihə və tədbirlərin maliyyələşdirilməsinə 4 milyard manat, dövlət əsaslı vəsait qoyuluşuna isə 5 milyard 300 milyon manat yönəldilməsi nəzərdə tutulur.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələri üzrə xərclərin 643 milyon manat olması gözlənilir. Bu məbləğ 2026-cı illə müqayisədə 10,9 milyon manat və ya 1,7 faiz çoxdur.
Həmin vəsaitin 238,8 milyon manatı mədəniyyət və incəsənət sahəsində fəaliyyətə, 68,4 milyon manatı televiziya, radio və nəşriyyata, 48,7 milyon manatı bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinə yönəldiləcək. Yaradıcı ittifaqlar, cəmiyyətlər və dini tədbirlərlə bağlı xərclər üçün 22,8 milyon manat, digər müəssisə və tədbirlər üçün isə 264,3 milyon manat nəzərdə tutulur.
Layihəyə əsasən, siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsinə 6 milyon manat ayrılması planlaşdırılır. Bu vəsait Milli Məclisdə təmsil olunan, həmçinin seçkilərdə etibarlı səslər qazansa da, parlamentdə təmsil olunmayan siyasi partiyalar üçün nəzərdə tutulur.
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılmasına 13,7 milyon manat ayrılması proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 2,3 milyon manat və ya 20,2 faiz çoxdur.
Diasporla İş üzrə Dövlət Komitəsinə isə 9,1 milyon manat ayrılması nəzərdə tutulur. Bunun 1,5 milyon manatı Dünya Azərbaycanlılarının VI Qurultayının keçirilməsinə, 500 min manatı Komitənin yaradılmasının 25 illiyi ilə bağlı xərclərə yönəldiləcək.


