Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 42-ci kilometrində aprelin 6-da baş verən torpaq sürüşməsi hələ də aktiv olaraq qalır.
Çağdaş.Az xəbər verir ki, təbii hadisə nəticəsində elektrik dirəkləri yararsız vəziyyətə düşüb, qaz xətlərinə isə ciddi ziyan dəyib.
Sakinlər vəziyyətin olduqca çətin olduğunu bildirirlər:
“Gediş-gəliş mümkün deyil, qazımız kəsilib. Yolun təxminən 300 metr hissəsi tamamilə dağılıb. Alternativ yol açılsa da, oradan istifadə etmək çox çətindir,” – deyə kənd sakinlərindən biri qeyd edib. Digər sakin isə əlavə edib ki, avtomobillə hərəkət etmək mümkün deyil və insanlar təxminən iki kilometrlik məsafəni piyada qət etməyə məcbur qalırlar.
Qaz təchizatında yaranmış problemlə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, Quba və Qusar rayonlarında qazsız qalan 287 abonentin təminatını bərpa etmək üçün işlər intensiv şəkildə davam etdirilir və yaxın vaxtlarda problemin tam aradan qaldırılması nəzərdə tutulur.
Avtomobil Yolları Dövlət Agentliyinin sədri Vüsal Nəsirli də hadisə yerində olub. O bildirib ki, ərazidə lazımi araşdırmalar tamamlandıqdan sonra yolun təhlükəsiz və fasiləsiz istifadəsi təmin ediləcək.
















