AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsi istiqamətində strateji və ardıcıl tədbirlərini davam etdirir.
Çağdaş.Az xəbər verir ki, bu məqsədlə 18 aprel 2026-cı il tarixindən etibarən Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə veriləcək.
Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.
Əlaqəli xəbərQarabağda təhlükəli 4 radioaktiv maddə aşkarlandı: tədqiqat…
Yenidən qurulan Kürdəmir stansiyasında müasir standartlara cavab verən ümumi gözləmə zalı ilə yanaşı, VİP zal da sərnişinlərin xidmətində olacaq. Stansiyanın qarşısında şəxsi avtomobillərin parkinqi üçün ərazi mövcuddur.
Bakı–Kürdəmir istiqamətində biletlərin minimal qiyməti 11.10 AZN təşkil edir. Qatar 203 km-lik məsafəni 2 saat 11 dəqiqəyə qət edəcək. Qeyd edək ki, pandemiyadan öncə qatarlar Bakıdan Kürdəmirə 3 saat 11 dəqiqəyə çatırdı.
Bilet satışı 17 aprel tarixindən ADY-nin rəsmi veb-saytı (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə həyata keçirilir.
Stansiyanın istifadəyə verilməsi Kürdəmir və ətraf rayonlar – Ağsu, Göyçay, Zərdab, Sabirabad və İmişli rayonları üzrə ümumilikdə 300 mindən çox əhali üçün mobilliyi genişləndirəcək, həm paytaxta, həm də ölkəmizin qərb və şimal-qərb bölgələrinə, eləcə də Qarabağa müasir qatarlarla rahat, təhlükəsiz və sərfəli səyahət imkanı təqdim edəcək.
















