Kardioloqların fikrincə, infarktın əlamətləri qadın və kişilərdə eyni olmaya bilər və bu fərqləri bilmək həyati əhəmiyyət daşıyır.
Cagdas.az xəbər verir ki, kişilərdə ən tipik əlamət sinədə güclü ağrı və təzyiq hissidir. Qadınlarda isə bu əlamətlərlə yanaşı daha “səssiz” siqnallar da müşahidə oluna bilər. Bunlara nəfəs darlığı, ürəkbulanma, mədə narahatlığı, çiyin, bel və qol ağrıları, eləcə də səbəbsiz yorğunluq daxildir. Həkimlər qeyd edirlər ki, infarkt hallarının əksəriyyəti səhər saatlarında, xüsusilə 06:00-dan günortaya qədər baş verir. Bunun əsas səbəbləri isə səhər saatlarında orqanizmdə baş verən dəyişikliklərlə əlaqələndirilir.
Belə ki, bu zaman qan təzyiqi yüksəlir, qanın qatılaşması artır və stress hormonu olan kortizolun səviyyəsi yüksəlir. Bu dəyişikliklər ürək döyüntüsünün sürətlənməsinə və damarların daralmasına səbəb ola bilər. Xüsusilə yüksək təzyiqdən əziyyət çəkən insanlar üçün bu hal əlavə risk yaradır. Digər mühüm faktor isə sirkadiyan ritmdir. Yuxu zamanı ürək bərpa olunur, gün ərzində isə daha aktiv fəaliyyət göstərir. Bu ritmin pozulması ürək-damar sistemini daha həssas edir və infarkt riskini artırır. Mütəxəssislər bir daha xatırladır ki, səhər saatları daha riskli hesab olunsa da, infarkt günün istənilən vaxtında baş verə bilər. Əlamətlər hiss olunduğu anda gecikmədən tibbi yardım almaq həyatı xilas edə bilər.(sfera.az)
















