“İmmunizasiya həftəsinin əsas məqsədi cəmiyyətin bütün yaş qrupları arasında peyvəndləmənin əhəmiyyəti barədə məlumatlılığı artırmaq və insanları yoluxucu xəstəliklərdən qorumaq üçün vaxtında vaksinasiya olunmağa təşviq etməkdir”.
Çağdaş.Az xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin epidemioloqu Əlcəfər Cəfərov açıqlayıb.
Onun sözlərinə görə, hər il bu mövzuya xüsusi diqqət ayrılmasının səbəbi, kollektiv immuniteti qoruyub saxlamaqla kütləvi epidemiya risklərinin qarşısını almaq və qarşısı alına bilən xəstəliklər səbəbindən yaranan fəsadları minimuma endirməkdir:
“Bu kampaniya həm də valideynlərin vaksinlərə olan etibarını gücləndirməyə və peyvənd təqvimindən kənarda qalan uşaqları yenidən prosesə cəlb etməyə xidmət edir. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkəyə daxil olan hər bir peyvəndin Ümumdünya Səhiyyə Təşkilatının prekvalifikasiyasına və beynəlxalq təhlükəsizlik sertifikatlarına uyğunluğuna ciddi nəzarət edir. Vaksinlərin istehsalçıdan tibb məntəqəsinə qədər olan yolunda temperatur rejiminin (+2°C-dən +8°C-dək) qorunması müasir “soyuq zəncir” sistemləri və mütəmadi aparılan monitorinqlər vasitəsilə təmin edilir”.
Ə.Cəfərov bildirib ki, bu prosesin qüsursuz işləməsi üçün cavabdeh personal mütəmadi olaraq ixtisaslaşdırılmış təlimlərə cəlb olunur və onların maarifləndirilməsi istiqamətində davamlı işlər aparılır:
“Tibb müəssisələrindəki saxlanma şəraiti Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ərazi mütəxəssisləri tərəfindən mütəmadi monitorinq olunur. Hər bir flakonun yararlılığına isə üzərindəki xüsusi indikatorlar (FTİ) vasitəsilə fərdi qaydada nəzarət edilir. Belə kompleks nəzarət mexanizmi sayəsində vətəndaşlarımızın yalnız yüksək keyfiyyətli və tam təhlükəsiz preparatlarla təmin olunması tam təmin edilir”./Musavat.com/
















