2025-ci ilin İş Planı çərçivəsində KDMN tədbirləri ilə ümumilikdə 1554 mln. manat məbləğində nöqsan aşkarlanmışdır”.
Cagdas.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü plenar iclasında Palatanın 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.
“Bu məbləğin 37,6%-i və ya 584,8 mln. manatı uyğunsuzluq məbləğidir. Uyğunsuzluq məbləğinin 170,4 mln. manatını büdcəyə hesablanmış zərər təşkil etmişdir. Büdcəyə hesablanmış zərərin 101,5 mln. manatı üzrə vəsaitin bərpası, 40,2 mln. manatı üzrə isə müvafiq materialların prokurorluq orqanlarına göndərilməsi barədə qərar qəbul edilmişdir. 28,7 mln. manatının əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda bu məbləğin bərpası istiqamətində birbaşa tədbir müəyyənləşdirilməmiş, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilmişdir. Ümumi nöqsanın 40,3%-i və ya 626,3 mln. manatı maliyyə təhriflərindən ibarətdir”.
V.Gülməmmədov qeyd edib ki, aşkarlanan maliyyə təhrifləri iki istiqamətdə qruplaşdırılıb:
“Əhəmiyyətli təhriflər qrupuna maliyyə hesabatlılığında məlumatların əks etdirilməməsi kimi təhriflər aid olunmuşdur ki, bu təhriflər üzrə məbləğ 481,3 mln. manat təşkil etmişdir. Cəmi təhriflərin 145,0 mln. manatı isə digər təhriflərdən ibarət olmuşdur. Təhrif məbləğində gəlir və ya xərcin vaxtında və doğru tanınmaması yüksək pay ilə fərqlənmişdir.
Nəhayət, ümumi nöqsanın 22,1%-i və ya 342,9 mln. manatı isə səmərəsiz xərclərdən ibarət olmuşdur. Səmərəsiz xərclər əsasən mal, avadanlıq və obyektin istifadəsiz qalması və ya digər tərəfin istifadəsinə verilməsi, qənaət imkanlarından istifadə edilməməsi, hüquqi aktlarla qurumun fəaliyyət istiqamətlərinə aid edildiyi və özü tərəfindən həyata keçirilməli olduğu halda müvafiq fəaliyyətin icra edilməsi üçün satınalmanın keçirilməsi və s. ilə bağlı olmuşdur”,– sədr qeyd edib.
















