Bu il məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının 45 minə çatdırılması planlaşdırılır.
Cagdas.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, məktəbəqədər yaşlı uşaqların təhsilə cəlb olunması istiqamətində icma əsaslı layihələrin əhatə dairəsi genişləndirilir.
“Ötən il təxminən 20 min uşaq bu modeldən faydalanırdı. Bu il isə həmin rəqəmi 45 minə çatdırmağı planlaşdırmışıq. Bu istiqamətdə zəruri addımlar atılır və sentyabr ayından bu saylara çatmağı nəzərdə tuturuq”, – o qeyd edib.
E.Bağırov əlavə edib ki, ötən ildən etibarən tətbiq edilən valideyn-dövlət-özəl tərəfdaşlığı modeli də məktəbəqədər təhsilin əhatəsinin genişləndirilməsinə xidmət edir.
“Bu model özəl məktəbəqədər təhsil müəssisələrinə müraciət edən valideynlər üçün nəzərdə tutulub. Özəl bağçalarda təhsil xidmətinin ödənişinin yarısı – 250 manat dövlət tərəfindən qarşılanır. Artıq bu xidmətdən 4 mindən çox valideyn faydalanıb və proses hazırda da davam edir”, – agentlik direktoru vurğulayıb.
Onun sözlərinə görə, təhsil sahəsində növbəti mühüm istiqamətlərdən biri də 4-cü və 6-cı siniflər üzrə aparılan monitorinqlərdir.
“Bu il may ayının sonu, iyun ayının əvvəlində 4-cü və 6-cı siniflərdə ümumilikdə 300 minə yaxın şagirdin biliyinin qiymətləndirilməsi nəzərdə tutulur. Hər sinif üzrə təxminən 150 min şagird monitorinqdə iştirak edəcək”, – E.Bağırov bildirib.
















