“Ölkədə fəaliyyət göstərən təxminən 4 min ümumtəhsil müəssisəsində orta hesabla 600 şagirdin təhsil aldığını nəzərə alsaq, müəllimlər və valideynlər də daxil olmaqla hər bir məktəbdə gündəlik olaraq 1000-dən çox insanın qarşılıqlı ünsiyyətdə olduğunu görərik. Bu miqyas təhsil mühitini zəngin sosial platformaya çevirir, eyni zamanda müəyyən hallarda fikir ayrılıqları və münaqişələrin yaranmasını da qaçılmaz edir”.
Cagdas.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bugünkü brifinqdə deyib. Məktəblərdəki münaqişələrdən danışan direktor bildirib ki, psixoloji xidmətin gücləndirilməsi prioritetdir:
“Bununla belə, 1,5 milyondan artıq şagird kontingenti fonunda münaqişələrdə iştirak edənlərin sayı olduqca kiçik bir hissəni təşkil edir. Cəmiyyətdə daha çox məhz baş vermiş hadisələr görünür və müzakirə olunur. Halbuki hər gün məktəblərdə müəllimlərin, psixoloqların və valideynlərin peşəkar və operativ müdaxiləsi nəticəsində çoxsaylı potensial münaqişələr böyümədən, konstruktiv şəkildə həllini tapır.
Bu baxımdan, təhsil işçilərinin əməyini xüsusi qeyd etmək və onların fəaliyyətinə ictimai dəstəyi gücləndirmək vacibdir. Eyni zamanda, baş vermiş münaqişələrin təkrarlanmaması üçün profilaktik tədbirlərin genişləndirilməsi, psixoloji xidmətlərin gücləndirilməsi və məktəb-valideyn əməkdaşlığının daha da inkişaf etdirilməsi əsas prioritetlərdən biri olaraq qalır.
Mütəmadi olaraq DİN və aidiyyəti digər qurumlarla birlikdəbirlikdə məktəblərə reydlər təşkil edilir. Şagird intizam qaydalarında məktəbə gətirilməsi qadağan edilmiş əşyaların məktəbli çantasında tapılması halları ciddi nəzarətə götürülür”(Ölkə.Az)
















