İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ və İsrail ölkəni daxildən zəiflətmək üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışır.
Onun sözlərinə görə, “ABŞ və İsrail dəniz blokadası, media təbliğatı, iqtisadi təzyiq və ölkə daxilində qarşıdurma yaratmaq yolu ilə İranı içəridən çökdürməyi hədəfləyir.”
Çağdaş.Az xəbər verir ki, İran mediası Qalibafın bu açıqlamasını yayıb. O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp İranı “sərt xətt tərəfdarları” və “mötədillər” kimi qruplara bölməyə çalışır və daha sonra dəniz blokadası, iqtisadi təzyiq və daxili parçalanma vasitəsilə ölkəni təslim etməyi planlaşdırır.
Qalibaf vurğulayıb: “Düşmən yeni mərhələyə keçib. Dəniz blokadası, media üzərindən təsir yaratmaq, iqtisadi təzyiq və daxildə parçalanma yaradaraq bizi zəiflətmək, hətta çökdürmək istəyirlər. Bu yeni plana qarşı yeganə çıxış yolu birlik və həmrəyliyi qorumaqdır. İndiyədək bütün düşmən planlarını puç edən məhz ictimai birlik olub və bu gün bu, daha da önəmlidir. Ayrılıq yaradan hər addım düşmənin planının bir hissəsi olacaq.”
O, sosial media hesabında paylaşımında Trampın bir neçə gün əvvəl “İranın neft infrastrukturu üç günə məhv edilə bilər” məzmunlu açıqlamasını da xatırladıb. Qalibaf qeyd edib ki, həmin müddət keçsə də, belə bir hadisə baş verməyib.
Parlament sədri əlavə edib ki, bu cür yanaşmalar ABŞ administrasiyasında bəzi şəxslərin verdiyi yanlış tövsiyələrin nəticəsidir. Onun fikrincə, eyni dairələr blokada ideyasını da dəstəkləyərək neft qiymətlərinin 120 dollardan yuxarı qalxmasına səbəb olub və növbəti mərhələdə qiymətlərin 140 dollara çatması istisna edilmir.
















