“Mühasibat uçotu haqqında” qanunun 12.2-ci maddəsinə əsasən, dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və yaxud müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan kommersiya təşkilatları 2025-ci il üzrə maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim etməlidir.
Çağdaş.Az xəbər verir ki, bu barədə nazirliyin ictimai əhəmiyyətli qurumlara, kommersiya təşkilatlarına və publik hüquqi şəxslərə etdiyi müraciətdə bildirilir.
Nazirlik bəyan edib ki, adıçəkilən qanunun 12-1.8-ci maddəsinə uyğun olaraq dövlət zəmanəti ilə kredit alan və yaxud dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan publik hüquqi şəxslər də (dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, peşə təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi istisna olmaqla) illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməlidir.
Adıçəkilən qanunun 12.3-cü maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə bu Qanunun 12.2-ci maddəsində qeyd olunan kommersiya təşkilatlarından və həmin Qanunun 12-1.9-cu maddəsinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən, habelə nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan publik hüquqi şəxslərdən internet səhifəsi olduqda, illik maliyyə hesabatlarının, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin təşkilatların internet səhifəsində və yaxud mətbu orqanda dərc etdirməsi tələb olunur.
















