Ötən gün Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev nümayəndə heyəti ilə birlikdə İrəvana səfər edib. Səfər zamanı Azərbaycan və Ermənistanın delimitasiya və demarkasiya üzrə işçi qruplarının görüşü keçirilib. Bundan əlavə Baş nazirin müavini erməni biznesmenlərlə görüş keçirib.
Məlumdur ki, Azərbaycan Ermənistana yükdaşımaların öz ərazisindən həyata keçirilməsinə icazə verməklə yanaşı, bu ölkəyə yanacaq məhsulları da satır. Bundan əvvəl Ermənistan rəsmiləri Azərbaycanın bəzi erməni məhsullarının idxalına maraq göstərdiyini bəyan etmişdilər.
Baş nazirin birinci müavinin erməni iş adamları ilə görüşündən sonra Azərbaycanın hansı erməni məhsullarına maraq göstərəcəyi xüsusi diqqət çəkir.
Çağdaş.Az-ın xəbərinə görə, Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, iqtisadi sahədə ən perspektivli sahə beynəlxalq yükdaşımalarla bağlıdır:
“Azərbaycan Ermənistana yanacaq məhsulları ixrac edir. Eyni zamanda Ermənistana daşınan yük daşımaları ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Elə bu faktor iki ölkə arasında iqtisadi əməkdaşlığın başlamasından xəbər verir. Təbii ki, Azərbaycan sülh gündəliyinə sadiq olaraq, bu istiqamətdə addımlar atır. Bu, eyni zamanda Azərbaycanın regionda sülh və əməkdaşlığa olan töhfəsidir. İqtisadi sahədə ən ciddi əməkdaşlıq sahəsi beynəlxalq yükdaşımalarla bağlıdır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, əslində Azərbaycan üzərindən Ermənistana daha çox yüklərin daşınmasına, hər iki ölkənin beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsinə gətirib çıxarır. Əslində, Zəngəzur dəhlizi bu istiqamətdə Ermənistan üçün də yeni imkanlar yaradır. TRIPP yolunun istifadəyə verilməsi regionda beynəlxalq yükdaşımaların istiqamətini və həcmini dəyişəcək. Orta Dəhlizin region üzrə imkanların genişlənməsinə gətirib çıxaracaq”.

Parlamentari vurğulayıb ki, iqtisadi sahədə digər mühüm istiqamət idxal və ixrac məsələləridir:
“Ermənistan və bizim qiymətləndirmələrimiz göstərir ki, ümumilikdə Ermənistanla Azərbaycan arasında təxminən 38 məhsul üzrə ticarətin qurulması mümkündür. İdxal və ixrac məhsullarına həm ərzaq, həm də qeyri-ərzaq məhsulları aiddir. Eyni zamanda sülh müqaviləsi bağlanarsa, Azərbaycanla Ermənistan tam iqtisadi əlaqələri bərpa edərsə, o zaman birinci mərhələdə illik olaraq 300 milyon dollarlıq ticarət dövriyyəsinin formalaşması mümkündür. Bu kontekstdən biz Ermənistanla ticarət dövriyyəsinin bərpası ilə bağlı müəyyən imkanların olduğunu görürük. Bunun üçün sülh müqaviləsinin bağlanması, münasibətlərin, iqtisadi əlaqələrin möhkəmlənməsi vacibdir”.
















