Vətəndaşların müraciətlərinə daha az müddətə baxılması təklif edilib.
Cagdas.az xəbər verir ki, bu təkliflə deputat Vüqar Bayramov Milli Məclisin bugünkü iclasında
“Vətəndaşların müraciətləri haqqında” Qanunda dəyişiklik ediklməsi haqqında qanun layihəsində çıxış edib.
O bildirib ki, vətəndaşların nüraciətlərinə baxılma müddəti uzun olaraq qalmaqdadır:
“Belə ki, vətəndaşların müraciətinə baxılmaq müddəti 15 iş günüdür və əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
Rəqəmsallaşmanın ölkəmizdə inkişaf etdiyini və məlumatların inteqrasiya olunduğunu nəzərə alsaq, bu müddətin azaldılması mümkündür. Müddət azalarsa, vətəndaşların müraciətlərinə daha qısa zamanda cavablandırıla bilər”.
Bundan başqa, o , qanun layihəsində bəzi düzəlişlərin edilməsini tövsiyə edib:
“Qanun layihəsinin 6.3.4-cü maddəsində vətəndaşın müraciətinin cavablandırılması forması onun müraciət formasına uyğun olmalıdır. Yəni, müraciət elektron qayda da təqdim olunubsa, o halda dövlət qurumunun cavabı da elektron qaydada göndərilə bilər.
Qanun layihəsinin 6.8-ci maddəsinə əsasən, “elektron sənəd formasında göndərilən müraciət təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq olunmalıdır”. Daha məqsədəuyğun olardı ki, bu maddədə elektron imza ilə ASAN imza da qeyd olunsun. Yalnız, 2025-ci ildə 512 mindən çox “ASAN İmza” sertifikatı verilib. Bu isə o deməkdir ki, ASAN imzadan istifadə edənlərin sayında artımlar müşahidə olunmaqdadır.
Qanun layihəsinin 7.6-cı maddəsində elektron müraciət edən şəxs cavabın təqdim edilməsi formasını göstərməyəndə ona cavab poçt vasitəsi ilə göndərilməsi nəzərdə tutulur. Amma daha yaxşı olardı ki, elektron müraciət zamanı cavablandırma forması seçilməyəndə dövlət qurumu tərəfindən cavab da elekton təqdim olunsun. Yəni, seçim edilməyəndə müraciət elektrondursa cavab elektron, poçt vasitəsi ilə edilibsə cavab da poçt vasitəsi ilə təqdim olunsun”.(Referans Media)
















