Bakıda mənzil bazarında qiymətlər son illərdə ciddi şəkildə artıb. Xüsusilə metroya yaxın ərazilərdə və yeni tikili binalarda ev almaq əvvəlki illərlə müqayisədə daha çətinləşib.
Bununla belə, paytaxtda hələ də nisbətən münasib qiymətə mənzil tapmaq mümkün olan qəsəbələr var. Ən ucuz evlər əsasən şəhər mərkəzindən uzaq ərazilərdə, köhnə yaşayış fondunun üstünlük təşkil etdiyi qəsəbələrdə yerləşir. Yeni tikililərin az olduğu yerlərdə qiymətlər daha münasib qalır. Əmlak bazarında olan mənzil qiymətlərinə əsasən, ən sərfəli ərazilər arasında ilk sıralarda Binə qəsəbəsi yer alır.
Burada 1 otaqlı köhnə mənzillərin qiyməti təxminən 45-60 min manat arasında dəyişir. Həyət evləri isə 35 min manatdan başlayaraq 80 min manata qədər yüksəlir. Ərazidə yeni tikililər az olduğundan əsas bazarı həyət evləri təşkil edir. Qiymət baxımından münasib sayılan digər ərazilərdən biri də Hövsandır. Burada 1 otaqlı mənzillər 55-75 min manat aralığında təklif olunur. 2 otaqlı köhnə tikililərdə isə qiymətlər əsasən 70-90 min manat civarında dəyişir.
Mərkəzdən uzaq yerləşməsinə baxmayaraq, Hövsan hazırda ən sərfəli yaşayış massivlərindən hesab olunur. Zirə və Türkan qəsəbələrində də münasib qiymətə ev tapmaq mümkündür. Bu ərazilərdə kiçik həyət evləri əsasən 30-60 min manat arasında satılır. Ekspertlərin sözlərinə görə, torpaq qiymətləri də digər ərazilərlə müqayisədə aşağıdır. Bəzi hissələrdə bir sot torpaq 4-7 min manatdan başlayır.
Son illərdə sürətlə inkişaf edən Məhəmmədi və Masazır qəsəbələrində yeni tikililərin sayı artsa da, köhnə yaşayış binalarında hələ də münasib qiymətlər qalır. Bu ərazilərdə 1 otaqlı mənzillər əsasən 60-85 min manat arasında dəyişir. Xocəsən və Sultəpədə isə əsasən həyət evləri bazarı aktivdir. Bu qəsəbələrdə 40-70 min manat aralığında müxtəlif ölçülü evlər tapmaq mümkündür.
Qeyd edək ki, qiymətlər adətən ərazi, otaq sayına, köhnə və ya yeni tikili olmasına, eyni zamanda mənzilin ümümi sahəsinə əsasən tənzimlənir. Ən ucuz mənzillər hansı ərazilərdədir? Qiymətlər necə formalaşır?
Cagdas.az xəbər veriri ki Sfera.az–a bu barədə açıqlama verən əmlak məsələləri üzrə ekspert Anar Nəsirov 2019-cu ildən başlayaraq əmlak bazarında, xüsusilə də yeni tikili binalarda hər il müxtəlif faiz dərəcələri ilə qiymət artımının müşahidə olunduğunu deyib:

“Lakin ötən ilin dekabr ayından etibarən bazarda nisbi durğunluq yaranıb. Hazırda yeni tikilən və ipotekaya yararlı mənzillərdə ciddi ucuzlaşma qeydə alınmasa da, qiymətlərdə yalnız cüzi artım müşahidə edilir. Buna qarşılıq olaraq isə köhnə tikililərdə, şəhər kənarındakı həyət evlərində və torpaq sahələrində qiymət enişi diqqət çəkir. Bu vəziyyətin əsas səbəbi bazarda real alıcı sayının azalmasıdır. Dekabr ayından sonra müşahidə olunan sakitlik, xüsusilə həmin kateqoriyadan olan əmlaklara müraciətlərin zəifləməsi ilə bağlıdır. Gözləntilər belə idi ki, ipoteka kreditlərinin təsdiqlənməsi bazara yeni alıcı axını gətirəcək və satışlarda canlanma yaradacaq. Müəyyən qədər alıcı aktivliyi olsa da, bu, ümumi bazara ciddi təsir göstərə bilmədi. Hazırda bazarda satıcılar arasında rəqabət daha da güclənib. Təcili pula ehtiyacı olan və ya əmlakını dəyişmək istəyən şəxslər satış qiymətlərini aşağı salmağa məcbur qalırlar. Eyni ərazidə yerləşən oxşar mənzillərin biri ucuzlaşdıqda, digər satıcılar da real müştəri cəlb etmək üçün qiyməti endirmək məcburiyyətində qalır. Bu proses nəticəsində xüsusilə köhnə binalarda, həyət evlərində və torpaq sahələrində qiymətlər mərhələli şəkildə aşağı düşür”.
Ekspert qeyd edib ki, bunun əksinə olaraq, şəhərin mərkəzi hissələrində, metro yaxınlığında yerləşən və çıxarışı olan yeni tikililərdə hələ də müəyyən qiymət artımı müşahidə olunur:
“Əvvəlki illərlə müqayisədə artım tempi daha zəifdir, lakin həmin kateqoriyada tələbat qalmaqdadır. Hazırkı bazarda ən ucuz və alıcısı az olan əmlaklar əsasən şəhərdən uzaq qəsəbə və kəndlərdə yerləşən həyət evləri və torpaq sahələridir. Bunun əsas səbəblərindən biri 2023-cü ilin 1 oktyabrından sonra sənədsiz həyət evlərinə kommunikasiya xətlərinin çəkilməsi və qeydiyyat məsələlərinin məhdudlaşdırılması oldu. Bu qərardan sonra həmin tip daşınmaz əmlaklara maraq ildən-ilə azalmağa başladı. Digər mühüm amil isə son dövrlərdə normadan artıq yağan yağışların bəzi ərazilərdə subasma halları yaratmasıdır. Xüsusilə şəhər ətrafı istiqamətlərdə baş verən bu hadisələr insanlarda həyət evləri və torpaq sahələrinə qarşı etimadı zəiflədib. Hətta subasma riski olmayan ərazilərdə belə alıcılar tərəddüd yaşayırlar. İnsanlarda belə bir fikir formalaşıb ki, aldıqları əmlak gələcəkdə oxşar problemlə üzləşə bilər. Bu da müəyyən mənada psixoloji inamsızlıq yaradıb. Əvvəllər çıxarışı olan həyət evlərinə maraq yüksək olsa da, son yağışlardan sonra həmin kateqoriyada da alıcı fəallığının azaldığı müşahidə edilir. İndiki vəziyyətdə bazarda qiyməti ən sürətlə enən əmlak növləri həyət evləri, torpaq sahələri və köhnə tikililərdir. Buraya “Xruşovka”, “Fransız” layihəli və digər köhnə tip binalar daxildir. Əks istiqamətdə isə metro ətrafında, şəhərin mərkəzində yerləşən və çıxarışı olan yeni tikililər bazarda nisbətən daha dayanıqlı olaraq qalır və burada cüzi də olsa qiymət artımı davam edir”.
















