Azərbaycanda doğulan uşaqların sayı azalır. Belə ki, bu göstərici 2025-ci ildə ilk dəfə 100 minin altına düşərək 95 min 875 olub. Bu, 14 il ərzində təxminən 45,5% azalma deməkdir. Bildirilir ki, əgər bu tendensiya davam edərsə, növbəti 15 ildə doğum sayı 50 minə qədər geriləyə bilər. Bu isə gələcəkdə daha az gənc işçi qüvvəsi, daha çox sosial yük və əmək bazarında ciddi kadr çatışmazlığı deməkdir. Adətən bu cür vəziyyətlərdə ölkələr xarici işçi qüvvəsinə, xüsusən də hindistanlı, pakistanlı və afrikalı ucuz işçilərə daha çox ehtiyac duyur.
Azərbaycanda gələcəkdə xarici işçi qüvvəsinə ehtiyac yarana bilərmi?
Cagdas.az xəbər verir ki ,Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, Azərbaycanda demoqrafik baxımdan ciddi proseslər müşahidə olunur:
“Valideynlərin çoxövladlı ailəyə marağı azalır, boşanmalar artır, eyni zamanda, gənclərin bir hissəsi evliliyə maraq göstərmir. Az övlad istəyənlərin sayının artması isə gələcəkdə ciddi sosial problemlərə səbəb ola bilər. Bu məsələni parlamentdə də qaldırmışdım. Hesab edirəm ki, problemin həlli istiqamətində dövlət proqramı qəbul olunmalı, kompleks tədbirlər həyata keçirilməlidir. Əks halda, gələcəkdə daha ciddi çətinliklərlə üzləşə bilərik”.
Deputat bildirib ki, doğum sayının azalması uzunmüddətli perspektivdə əmək bazarına da təsir göstərə biləcək ciddi demoqrafik çağırışdır:
“Belə davam edərsə, müəyyən sahələrdə işçi qüvvəsi çatışmazlığı yarana və xarici əmək resurslarına ehtiyac arta bilər. Lakin əsas məqsəd ilk növbədə yerli insan kapitalını gücləndirmək, gənclərin məşğulluğunu artırmaq və ailələri dəstəkləyən sosial siyasəti genişləndirmək olmalıdır. Xarici işçi qüvvəsinin cəlbi isə yalnız iqtisadi zərurət yaranan sahələr üzrə, dövlətin nəzarəti və milli maraqlar çərçivəsində həyata keçirilməsi mümkündür. Bu yöndə geniş maarifləndirmə və təbliğat işlərinin aparılmasına da ciddi ehtiyac var. Gənclərə ailənin əhəmiyyəti, cəmiyyət üçün rolu və evliliyin vacibliyi düzgün şəkildə aşılanmalıdır”.
















