“Bakı Nəqliyyat Baş Planı müasir və dayanıqlı şəhərsalma yanaşmasına əsaslanır və tranzit yönümlü inkişaf (TOD) modeli bu strategiyanın əsas sütunlarından biridir”.
Çağdaş.Az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin rəhbəri Tərlan Səfərov WUF13 çərçivəsində Bakı Baş Planı və nəqliyyat strategiyası barədə çıxış edrəkən bildirib.
O qeyd edib ki, bu model çərçivəsində şəhər inkişafı ictimai nəqliyyat qovşaqları ətrafında formalaşdırılır. Səfərovun sözlərinə görə, planın icrası üçün rəqəmsal əkiz (digital twin) sistemi yaradılıb. Bu sistem milyonlarla məlumat nöqtəsini əhatə edir və layihələrin planlaşdırılması və qiymətləndirilməsində mühüm rol oynayır.
AYNA rəsmisi əlavə edib ki, 2025-2030 Dövlət Proqramı bu transformasiyanın əsas icra mexanizmidir.
Tərlan Səfərov həmçinin bildirib ki, artıq Bakıya 368 ekoloji avtobus daxil edilib, 114 kilometr xüsusi avtobus zolağı yaradılıb. Nəticədə gündəlik aktiv avtobus parkı 32 faiz artaraq 2300 avtobusa çatıb və illik sərnişin daşımaları 500 milyona yaxınlaşıb.
O diqqətə çatdırıb ki, dəmir yolu şəbəkəsi də genişləndirilir, şəhərətrafı qəsəbələri mərkəzlə birləşdirəcək yeni marşrutlar hazırlanır və 20 yeni sərnişin qatarının alınması planlaşdırılır. Metroda 10 yeni stansiya layihələndirilir, “28 May” qovşağında isə xətlərin ayrılması ilə əsas sıxlıq probleminin həlli nəzərdə tutulur.
O həmçinin qeyd edib ki, Bakıda 65 km velosiped zolağı inşa olunub və bu rəqəmin 100 km-ə çatdırılması planlaşdırılır.
















