Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.
Cagdas.az xəbər verir ki “Report”un məlumatına görə, fətvada deyilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Miladi təqvimlə mayın 27-nə təsadüf edəcək. Şəriətə uyğun olaraq Qurban kəsimi mayın 27-dən başlayaraq 3 gün davam edə bilər. Mayın 27-də məscidlərdə Bayram namazları qılınacaq. Həmçinin qeyd olunub ki, adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir il, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. Xatırladaq ki, Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə bağlı qeyri-iş günlərinin vaxtı müəyyən edilib. Bu il Qurban bayramı 27 və 28 may tarixlərinə düşür. Bununla yanaşı, may 28-də ölkədə Müstəqillik Günü də qeyd olunur. Əmək Məcəlləsinə uyğun olaraq, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbi ilə əlavə istirahət günü verilib. Bu səbəbdən 29 may da qeyri-iş günü elan olunub. Nəticədə, beşgünlük iş qrafiki ilə çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri istirahət günləri olacaq.
















