Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar”ı təsdiq edib. Belə ki, çoxmənzilli yaşayış binalarında mənzillər üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına yalnız müəyyən hallarda icazə veriləcək.
Bu hallar binanın azmərtəbəli (5 mərtəbəyədək) olması, yerləşdiyi ərazidə qaz təchizatının nəzərdə tutulmaması, eləcə də istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi hallarını əhatə edir. Sadə dillə desək, böyük yaşayış komplekslərində dövlət daha çox mərkəzi istilik sisteminə keçmək istəyir. Artıq hər evdə ayrıca kombi yox, bina üzrə ortaq istilik sistemi üstün tutulacaq.
Bu, “Azəristiliktəchizat”ın balansında olacaq, yoxsa MTK-lar (mənzil-tikinti kooperativləri) özləri qazanxana tikəcək?
Cagdas.az -a danışan “Azəristiliktəchizat” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elvin Basqallı deyib ki, hər bir MTK beş və daha çox mərtəbəli bina tikərkən həmin binanın mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunmasını həyata keçirməlidir:
“Bu məqsədlə qazanxana tikilərək istifadəyə verilməlidir. Qazanxananın idarə olunması isə MTK-nın qərarından asılıdır. Bunu xidmət müqaviləsi əsasında “Azəristiliktəchizat”, MTK-nın özü və ya həmin sahədə fəaliyyət göstərən digər şirkətlər həyata keçirə bilər”.
Qurum rəsmisi əlavə edib ki, “Azəristiliktəchizat” artıq bəzi MTK-ların müraciəti əsasında bir neçə qazanxanaya xidmət göstərir:
“Gələcəkdə tikiləcək binalarda da qazanxanaların yaradılması məcburi olacaq. Sonrakı mərhələdə həmin qazanxanaların kim tərəfindən idarə ediləcəyinə isə MTK qərar verəcək”.(Globalinfo.az)
















