İran ABŞ ilə mümkün razılaşmaya dair 14 maddədən ibarət memorandumunu yayımlayıb.
Cagdas.az xəbər verir ki, sənəd İran və ABŞ arasında gərginliyin azaldılması və münaqişənin həlli istiqamətində nəzərdə tutulan bir sıra müddəaları özündə ehtiva edib. Memorandumu yayan “Mehr” xəbər agentliyinin məlumatına əsasən, razılaşdırıldığı bildirilən əsas bəndlər arasında dəniz blokadasının 30 gün ərzində aradan qaldırılması və ABŞ qüvvələrinin İranla həmsərhəd ərazilərdən çıxarılması da yer alıb.
Sənədə əsasən, ABŞ və müttəfiqlərinin İranın yenidən qurulması üçün ən azı 300 milyard dollar həcmində plan təqdim etməsi nəzərdə tutulub. Eyni zamanda, İran nefti və neft məhsullarının satışına tətbiq olunan sanksiyaların dayandırılması, eləcə də tərəflər arasında 60 gün ərzində nüvə danışıqlarının aparılması və sonradan yekun razılaşmanın imzalanması məsələlərinin memorandumda əks olunduğu qeyd edilib.
Mənbənin iddiasına görə, İran tərəfi üçün əsas şərtlərdən biri də 12 milyard dollarlıq dondurulmuş vəsaitin açılması, blokadanın ləğvi və neft sanksiyalarının dayandırılması olub.
Bununla yanaşı, “Mehr” agentliyi bildirib ki, İranın raket proqramı və bölgədə “müqavimət oxu” adlandırılan qüvvələrə dəstək məsələləri memorandumun mətninə daxil edilməyib. Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni zərbələr endirilə biləcəyi ilə bağlı açıqlamaları və neft bazarındakı son reaksiyalar da regionda vəziyyətin diqqətlə izlənilməsinə səbəb olub.(sfera.az)
















