Cənubi Qafqaz ölkələri arasında iqtisadi əlaqələr də regionda sabitliyə öz töhfəsini verir.
Ermənistan 2030-cu ilə qədər Türkiyə və Azərbaycanla açıq sərhədlərin və fəaliyyət göstərən nəqliyyat əlaqələrinin olmasını gözləyir.
Cagdas.az “Euronews” kanalına istinadən xəbər verir ki, bunu Aİ-nin yeni təşəbbüsü olan “Nəqliyyat əlaqələri gündəliyi Platforması”nda iştirak etmək üçün Brüsseldə olan Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
“Bizim baxışımız ondan ibarətdir ki, 2030-cu ilə qədər biz iki qonşumuzla, təəssüf ki, sərhədləri hələ də bağlı olan Türkiyə və Azərbaycanla açıq ünsiyyətə və açıq sərhədlərə malik olacağıq”, – deyə Kostanyan bildirib.
Onun sözlərinə görə, nəqliyyat əlaqələrinin açılması Cənubi Qafqazı Avropa ilə Mərkəzi Asiya arasında mühüm əlaqəyə çevirəcək.
Kostanyan qeyd edib ki, ənənəvi ticarət yollarının qeyri-sabitliyi və qlobal logistika zəncirlərindəki fasilələr Orta Dəhlizin əhəmiyyətini artırır və regional dövlətlər üçün yeni imkanlar yaradır. O vurğulayıb ki, Ermənistan bu marşrutun öz hissəsindən yüklərin fasiləsiz tranzitini təmin etməyə hazırdır.
Ermənistan XİN başçısının müavininin sözlərinə görə, nəqliyyat əlaqələri 2030-cu ilə qədər açıla bilər, çünki İrəvan regional layihələr üzərində işləməyə davam edir və qonşu ölkələr arasında əməkdaşlığa həvəsin artdığını görür. O xatırladıb ki, Azərbaycan əvvəllər Ermənistan yükləri üçün dəmir yolu xidmətinin açılmasına hazır olduğunu bildirib, Türkiyə isə öz dəmir yollarını Ermənistan mallarının tranziti üçün əlçatan etməyi təklif edib.
Xatırladırıq ki, Avropa İttifaqı tərəfindən təşkil olunan platformanın tədbirləri çərçivəsində Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Brüsseldə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüşüb.(Referans Media )
















