Yay mövsümündə balıq istehlakı ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də dondurulmuş balıqların insan sağlamlığına təsiridir.
Bəs isti havalarda dondurulmuş balıq yemək təhlükəlidirmi?
Cagdas.az xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida texnoloqu Ağa Salamov bildirib ki, yay aylarında bəzi balıq növlərinin ovlanmasına qadağa tətbiq edilir. Onun sözlərinə görə, bunun əsas səbəbi həmin növlərin kürüləmə dövründə olmasıdır.
Ekspert qeyd edib ki, qadağan olunmuş növlərdən başqa, düzgün saxlanılan və texnoloji tələblərə uyğun dondurulan balıqların istehlakı insan sağlamlığı baxımından risk daşımır.
“Əgər balıq düzgün texnologiya ilə dondurulubsa, onun yeyilməsinin heç bir ziyanı yoxdur. Lakin balıq iki dəfə dondurulubsa, bu, artıq təhlükəlidir və zəhərlənməyə səbəb ola bilər.
Balığın tutulduqdan sonra uzun müddət açıq mühitdə saxlanılması və yalnız bundan sonra dondurulması da ciddi risk yaradı. Onun daxili orqanları çıxarılmalı, yaxşıca yuyulmalı və yalnız bundan sonra dondurulmalıdır.
Balığın içalatı təmizlənmədən dondurulması düzgün deyil. Bu, məhsulun keyfiyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərə bilər”.
Qida texnoloqu daşınma və saxlanma şərtlərinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Dondurulan balıqların daşınması zamanı soyuducu sistemlərdə nasazlıq yaranarsa və temperatur yüksələrsə, məhsulun çirklənməsi və xarab olması riski artır. Bu isə istehlakçı üçün təhlükəli nəticələr doğura bilər”.
Ekspert istehlakçılara dondurulmuş balıq alarkən məhsulun saxlanma şəraitinə, qablaşdırılmasına və əridilib-yenidən dondurulma əlamətlərinin olub-olmamasına diqqət yetirməyi tövsiyə edib.
















