24 yaşlı Azərbaycan vətəndaşının beynəlxalq orqan mafiyasının qurbanına çevrilməsi insan orqanlarının qanunsuz alveri ilə məşğul olan böyük bir şəbəkəni ortaya çıxarıb.
Məlum olub ki, 50 Azərbaycan vətəndaşı gizli şəkildə Şərqi Afrikaya aparılıb, Keniyada yerləşən özəl klinikada müxtəlif orqanları çıxarılaraq əsasən İsrail vətəndaşlarına köçürülüb. Musavat.com xəbər verir ki, hazırda qanunsuz orqan transplantasiyasına görə Almaniyada məhkəmə prosesi keçirilir. İttihama görə, 24 yaşlı Azərbaycan vətəndaşının böyrəyi Keniyada fəaliyyət göstərən özəl klinikada 59 yaşlı Almaniya sakininə köçürülüb. İndi həmin qadın Sabine Fişer-Kuqler orqan alverinə təhrik ittihamı ilə mühakimə olunur və onu 5 ilə qədər həbs cəzası gözləyir.
Hadisə necə üzə çıxıb?
Məsələ ilk dəfə Almaniyanın aparıcı media qurumları – “ZDF”, “Der Şpigel” və “Deutsche Welle” tərəfindən aparılan geniş jurnalist araşdırmasından sonra beynəlxalq rezonans doğurub. Araşdırmada Keniyanın Eldoret şəhərində yerləşən “MediHeal” klinikasının ətrafında fəaliyyət göstərdiyi iddia olunan beynəlxalq orqan alveri şəbəkəsinin fəaliyyəti təsvir olunurdu. Uzun illər böyrək çatışmazlığından əziyyət çəkən Sabine Fişer-Kuqler jurnalistlərə etiraf edib ki, böyrək əldə etmək üçün vasitəçilərə 100 min-200 min dollar, bəzi mənbələrə görə isə 200 min avro həcmində vəsait ödəyib. Almaniya qanunvericiliyinə görə insan orqanının alınması və ya satılması ilə bağlı maliyyə əməliyyatları cinayət hesab olunur. Məhkəmə prosesinin 2026-cı il iyunun 23-də Bavariyanın Vaysenburq şəhərində başlanıb. Qadın məhkəmədə peşman olduğunu və həyatda qalmaq üçün çıxış yolu axtardığını söyləyib.
Azərbaycanlı donor kim olub?
Araşdırmalarda adı açıqlanmayan donorun 24 yaşlı Azərbaycan vətəndaşı olduğu göstərilir. Sabine Fişer-Kuqler bildirib ki, əməliyyatdan əvvəl və sonra həmin gənclə cəmi bir neçə dəqiqə görüşüb. Vasitəçilər ona donorla yaxın təmas qurmamağı tövsiyə ediblər. Ən diqqətçəkən məqamlardan biri isə budur ki, rəsmi sənədlərdə donorun heç bir ödəniş almadan könüllü şəkildə orqan bağışladığı göstərilib. Halbuki əməliyyatda iştirak edənlərin əksəriyyətinin onun pul aldığını deyiblər. Məbləğ açıqlanmasa da, donora adətən qəpik-quruş çatdığı ümumi məlum faktdır.
Keniyada fəaliyyət göstərən şəbəkə
Araşdırmaların mərkəzində “MedLead” adlı vasitəçi şirkət dayanır. Şirkət xarici ölkələrdə qısa müddətdə böyrək transplantasiyası təşkil etdiyini və bunun tam qanuni olduğunu iddia edir. Lakin jurnalist araşdırmaları tam fərqli mənzərə ortaya çıxarıb. İddialara görə, Avropa, İsrail və ABŞ-dan olan varlı xəstələrə əsasən Azərbaycan, Pakistan, Qazaxıstan və digər ölkələrdən gətirilən donorların orqanları təklif olunub. Donorlar isə çox vaxt maddi sıxıntı içində olan gənclərdən seçilib. “MediHeal” klinikası ilə bağlı Keniyada aparılan araşdırmalar zamanı yüzlərlə transplantasiya əməliyyatının sənədləri incələnib. Məlum olub ki, 2018-2025-ci illərdə yüzlərlə böyrək transplantasiyası həyata keçirilib və xarici vətəndaşlar əməliyyat olunanlar arasında mühüm yer tutublar.
Azərbaycanlılar niyə hədəfə çevrilib?
Keniyada fəaliyyət göstərən istehlakçı təşkilatlarının və araşdırma qruplarının hesabatlarında diqqətçəkən bir fakt yer alıb. Həmin məlumatlara görə, xarici donorlar arasında Azərbaycan vətəndaşları xüsusi üstünlük təşkil edib. Hesabatda 50 Azərbaycan vətəndaşının donor qismində iştirak etdiyi qeyd olunur. Hətta 25 israilli pasiyentə məhz azərbaycanlı donorların böyrəklərinin köçürüldüyü göstərilir.
Bu fakt Azərbaycan vətəndaşlarının beynəlxalq orqan alveri şəbəkələrinin hədəfinə çevrilməsi ehtimalını gündəmə gətirir.
Şəbəkənin arxasında kimlər dayanır?
Araşdırmalarda İsrail vətəndaşı Robert Şpolanskinin adı əsas fiqurlardan biri kimi hallanır. Tel-Əviv məhkəməsinin 2016-cı il ittiham aktında onun Şri-Lanka, Türkiyə, Filippin və Tailandda qanunsuz böyrək transplantasiyalarının təşkilində iştirak etdiyi qeyd olunub. Materiallarda həmçinin Boris Volfman adlı şəxsin beynəlxalq şəbəkənin rəhbərlərindən biri olduğu bildirilir. Şpolanski isə bu ittihamları rədd edir.
“MediHeal” qrupuna isə Hindistan əsilli keçmiş keniyalı deputat Şarup Mişra rəhbərlik edir. Onun fəaliyyəti ilə bağlı Keniyada həm ittihamlar, həm də əks arqumentlər səsləndirilib. Bir sıra araşdırma komissiyaları klinika rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tövsiyə etsə də, klinika bütün ittihamları rədd edir və qanun çərçivəsində fəaliyyət göstərdiyini bildirir.
Dünyanın yeni “qara bazarı”
Avropa Şurası və beynəlxalq hüquq müdafiə təşkilatları insan orqanlarının qanunsuz dövriyyəsini müasir dövrün ən təhlükəli transmilli cinayətlərindən biri hesab edir. Bu cinayət növü əsasən kasıb donorlarla varlı xəstələr arasındakı sosial bərabərsizlikdən qidalanır. Sabine Fişer-Kuqlerin işi isə bu qlobal problemin yalnız görünən hissəsidir. Məhkəmə prosesində veriləcək qərar Almaniyada ilk nümunələrdən biri sayıla bilər. Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən olan gənclərin orqanları hesabına milyardlarla dollar qazanan beynəlxalq şəbəkələrin tam şəkildə ifşası və məsuliyyətə cəlb olunması mümkün olacaqmı?
Bu sualın cavabı təkcə Almaniya məhkəmələrinin deyil, həm də beynəlxalq hüquq-mühafizə orqanlarının fəaliyyətindən asılı olacaq. Azərbaycanda isə bu hadisə xaricdə vətəndaşlarımızın qanunsuz orqan alveri şəbəkələrinin qurbanına çevrilməsi riskinin nə qədər ciddi olduğunu bir daha göstərir.
Azərbaycanlılar orqan mafiyasının hədəfində
Azərbaycan uzun illərdir ki, orqan mafiyasının hədəfindədir. Zaman-zaman Ukrayna, Belarus və digər dövlətlərdə əsasən İsrail vətəndaşları tərəfindən idarə edilən beynəlxalq orqan mafiyalarının ifşası ilə bağlı məlumatlar yayılır. Məsələn, 2010-cu ildə Musavat.com-da yer alan “Azərbaycanda işləyən orqan mafiyasi belarusu da hərəkətə keçirdi”
(https://musavat.com/news/gundem/AZERBAYCANDA-ISLEYEN-ORQAN-MAFIYASI-BELARUSU-DA-HEREKETE-KE%C3%87IRDI_82382.html) sərlöhvəli məqalədə Ukraynada orqan mafiyasının ifşasından söhbət açılır.
Həmin yazıdan sitat: “Məlum olub ki, bu mafiya internet vasitəsilə Ukrayna, Belarus, Moldova və Özbəkistandan olan aztəminatlı insanları böyrəklərini satmağa sövq edib. Donorlar üzərində cərrahiyyə əməliyyatlarının çoxu Bakıdakı özəl klinikalarda ukraynalı həkimlər tərəfindən aparılıb. Bu işdə Kiyevdəki Şalimov adına Cərrahiyyə və Transplantasiya İnstitutunun yüksək ixtisaslı həkimlərinin iştirak etdiyi bildirilir. Cərrahiyyə əməliyyatlarının bir neçəsi həmin institutda aparılıb və belə faktlardan birinin üstünün açılması nəticəsində mafiya ifşa olunub. Belarus DİN-in idarə rəisinin müavini deyib ki, insan orqanları ilə alver edən mafiyanın qurbanı olan ölkə vətəndaşları əsasən 23-25 yaşında olan gənclərdir. Onların hamısının maddi problemləri olub. Müəyyən hallarda isə donorlara psixoloji təzyiq göstərilib və onların böyrəklərini könüllü şəkildə satdığı barədə imic formalaşdırılıb. Podqruşi deyib ki, mütəşəkkil cinayətkar dəstəyə başçılıq edənlərdən biri Belarus əsilli yəhudidir. O, 90-cı illərin əvvəllərində İsrailə köçüb və hazırda bu ölkənin vətəndaşıdır. S.Podqruşi mafiyanın qurbanı olan Belarus vətəndaşlarının sayının daha artıq ola biləcəyini istisna etməyib. O, deyib ki, dəstənin fəaliyyəti ilə bağlı araşdırmalar Ukrayna hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində aparılır. Qeyd edək ki, bu, Azərbaycanla əlaqəsi olan ikinci beynəlxalq orqan mafiyasıdır. Bir neçə ay əvvəl İsrail polisi donorların böyrəklərini Bakıdakı klinikalarda çıxardıb satan mafiya üzvlərini həbs etmişdi və dəstəyə istefada olan general başçılıq edirdi. İstisna deyil ki, Ukraynada ifşa edilən dəstə də bu mafiya ilə əlaqəli işləyib”.
















