İyunun 21-dən bəri Avropada ekstremal istilərlə əlaqədar 1300-dən çox ölüm halı qeydə alınıb.
Cagdas.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus bildirib.
Onun sözlərinə görə, Avropa Yer kürəsində ən sürətlə istiləşən qitədir və burada temperatur artımı qlobal orta göstəricidən iki dəfə yüksəkdir.
“Hazırda 150 milyon insan ekstremal istilər şəraitində yaşayır. Yüzlərlə insan həyatını itirib, məktəblər bağlanıb, elektrik şəbəkələri sıradan çıxır”, – deyə o vurğulayıb.
Qebreyesusun sözlərinə görə, istilik stressi çox vaxt “səssiz qatil” adlandırılır və Avropadakı evlər, iş yerləri, eləcə də məktəblər bu cür yüksək temperaturlara uyğun layihələndirilməyib.
O qeyd edib ki, ÜST üzv dövlətlər və tərəfdaşlarla birlikdə ekstremal istilərin sağlamlıq üçün yaratdığı risklərin azaldılması istiqamətində çalışır. Təşkilat Avropa ölkələrini iqlim dəyişikliklərinin sağlamlığa təsirlərinə qarşı daha geniş strategiyanın tərkib hissəsi kimi isti hava şəraitində fəaliyyət planları hazırlamağa çağırıb.
Qeyd edək ki, iyunun sonlarında anomal istilər Fransa, İspaniya, İtaliya, Böyük Britaniya və Almaniya da daxil olmaqla bir sıra Avropa ölkələrini əhatə edib.
Bundan əlavə, qeyri-adi isti hava Rusiyanın qərb və şimal bölgələrində də müşahidə olunur. Xüsusilə Kalininqrad vilayətində rekord temperatur qeydə alınır.
Sinoptiklərin proqnozuna görə, həftənin ortalarından etibarən isti hava Moskva və ətraf bölgələrə də çatacaq. Rusiya paytaxtında +25 dərəcədən yuxarı temperatur artıq isti hava hesab olunur. İyulun 2-4-də gündüz saatlarında havanın temperaturunun +25, +30 dərəcəyə yüksələcəyi gözlənilir.(modern.az)
















