Azərbaycanda ipoteka bazarında geriləmə müşahidə olunur. Məlumata görə, bankların cari ilin ilk rübündə verdiyi ipoteka kreditlərinin həcmi 2,2 faiz azalıb. Ən diqqətçəkən məqam isə dövlət xətti ilə verilən ipoteka kreditlərində 76,1 faizlik azalmanın qeydə alınmasıdır.
Bəs ipoteka kreditləşməsindəki bu geriləmə gələcəkdə mənzil bazarına necə təsir göstərə bilər? Hazırda ipoteka ilə ev almaq istəyən vətəndaşlar üçün vəziyyət necədir?
Çağdaş.Az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, bu gün təkcə Azərbaycanda deyil, dünyada da daşınmaz əmlakın əhəmiyyəti sürətlə artır:
“Əvvəllər daşınmaz əmlak daha çox passiv kapital kimi qiymətləndirilirdisə, müasir dövrdə artıq maliyyə institutları və iri investorlar bu sahəyə ciddi investisiyalar yönəldirlər. Məhz buna görə də daşınmaz əmlak bazarı həm dövlətlərin, həm də maliyyə qurumlarının diqqət mərkəzinə çevrilib. Azərbaycanda da ipoteka institutu artıq formalaşır və inkişaf edir. Lakin müşahidə edirik ki, dövlət tərəfindən təqdim olunan ipoteka kreditlərinin imkanları mənzil qiymətlərinin artımı fonunda əvvəlki effektivliyini tədricən itirir. Son illər daşınmaz əmlak bazarında qiymətlər sürətlə yüksəlib. Müxtəlif hesablamalara görə, son iki il ərzində bəzi seqmentlərdə qiymətlər 30-40 faiz artıb. Bəzi mənbələr isə daha yüksək artım tempindən bəhs edirlər. Bu proses həm iqtisadi, həm də sosial baxımdan böyük əhəmiyyət daşıyır. Çünki ipoteka sistemi iqtisadi inkişafın mühüm alətlərindən biridir, tikinti sektorunun genişlənməsinə, məşğulluğun artmasına və vətəndaşların mənzil təminatına birbaşa təsir göstərir”.
İqtisadçı bildirib ki, qiymətlər yüksəldikcə dövlət ipotekası üzrə müəyyən edilmiş maksimal kredit məbləği və ilkin ödəniş şərtləri əvvəlki qədər effektiv olmur:
“Digər tərəfdən isə sevindirici hal ondan ibarətdir ki, kommersiya bankları bu sahədə daha fəal iştirak etməyə başlayıblar. Əvvəllər ipoteka kreditlərinin verilməsində maraq göstərməyən banklar bu gün bazarın tələbatına daha çevik reaksiya verirlər. Bu da iqtisadi inkişaf baxımından müsbət tendensiyadır. Bununla yanaşı hesab edirəm ki, İpoteka və Kredit Zəmanət Fondu da mövcud bazar reallıqlarına daha çevik uyğunlaşmalıdır. Qeyd etmək lazımdır ki, Fondun fəaliyyəti 26 dekabr 2017-ci il tarixində təsdiq olunmuş əsasnamə ilə tənzimlənir və həmin sənəddə fonda bazarın inkişafı ilə bağlı kifayət qədər geniş səlahiyyətlər verilib. Xüsusilə əsasnamənin müvafiq müddəalarında qeyd olunur ki, Fond fəaliyyət istiqaməti üzrə islahatlara dair təkliflər hazırlamalı, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslərlə çıxış etməlidir. Hesab edirəm ki, bu səlahiyyətlərdən daha fəal istifadə olunmasına ehtiyac var”.
E.Qəriblinin sözlərinə görə, bu gün bazar əvvəlki illərlə müqayisədə tamamilə dəyişib:
“Mənzil qiymətləri artıb, ipoteka məbləğlərinin yenilənməsinə ehtiyac yaranıb, bəzi prosedurlar və bürokratik mexanizmlər isə artıq müasir dövrün tələblərinə cavab vermir. Texnologiyaların inkişafı fonunda bu proseslərin sadələşdirilməsi və rəqəmsallaşdırılması vacibdir. Yenə də müsbət məqam odur ki, kommersiya bankları yaranmış boşluqları müəyyən qədər doldururlar və bazarın tələblərinə daha çevik uyğunlaşırlar”.
Emin Qəribli hesab edir ki, bu, inkişaf etməkdə olan ölkələr üçün xarakterik bir prosesdir:
“Daşınmaz əmlak bazarı böyüdükcə kredit bazarı da inkişaf edir. Hökumətin həyata keçirdiyi islahatlar artıq öz nəticəsini verməyə başlayıb. Daşınmaz əmlak sektoruna investisiyalar artır, yeni layihələr həyata keçirilir və bu da iqtisadi aktivliyə müsbət təsir göstərir. Lakin dövlət institutları da bazardakı dəyişikliklərə daha operativ reaksiya verməli, onlara qanunvericiliklə verilmiş səlahiyyətlərdən daha çevik istifadə etməli və ipoteka mexanizmlərini mövcud iqtisadi reallıqlara uyğunlaşdırmalıdırlar. Hesab edirəm ki, bu addımlar həm vətəndaşların mənzil əlçatanlığını artıracaq, həm də daşınmaz əmlak bazarının daha sağlam inkişafına xidmət edəcək”.















