Xəbər verdiyimiz kimi, məktəbəqədər təhsil sahəsində də sertifikatlaşdırma prosesinə hazırlıq aparılır. Dövlət bağçalarında çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi istiqamətində görülən işlər fonunda diqqətçəkən suallardan biri də özəl məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoqların bu prosesə cəlb olunub-olunmamasıdır.
Bəs özəl bağçalarda çalışan müəllimlər üçün də sertifikatlaşdırma tətbiq edilməlidirmi və bu, təhsilin keyfiyyətinə necə təsir göstərə bilər?
Çağdaş.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu vaxta qədər həmin müəssisələrə işə götürülmə kortəbii formada həyata keçirilirdi:
“Məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin sertifikatlaşdırılma prosesinə cəlb olunması vacibdir. 2014-cü ilə qədər məktəblərdə diplomun saxta olması, ixtisasın uyğun gəlməməsi, yaxud ümumiyyətlə diplomun olmaması halına rast gəlirdik. Eyni prinsip, təəssüf ki, bağçalarda da var. Ona görə də məktəbəqədər təhsil müəssisələrində də sertifikatlaşdırmanın keçirilməsi labüddür”.
Ekspertin sözlərinə görə, sertifikatlaşdırma prosesi keçirilərkən qeyri-ixtisas sahibləri sıradan çıxacaq:
“Nazirlər Kabinetinin müvafiq qərarı əsasında məktəbəqədər təhsil istiqamətində cəlb olunan şəxslər ali və ya orta ixtisas təhsilli, məktəbəqədər təlim-tərbiyə ixtisasını bitirmiş pedaqoji heyətdən formalaşmalıdır. Hansısa fənn müəlliminin, məsələn, Azərbaycanda əvvəl müəllim işləmiş qeyri-ixtisas müəllimlərindən birinin bağçada çalışması istisna hal kimi ola bilər.
Onların kifayət qədər təcrübəsi varsa və ümumiyyətlə mövcud məktəbəqədər təhsil prosesini dərindən bilirlərsə, mövcud çağırışlara və təhsil standartlarına cavab verirlərsə, bunu da imtahan nəticələrində əks etdirəcəklərsə, onlara müəyyən bir dövr üçün şans verilməsi mümkündür”.
E.Əfəndinin fikrincə, qalan digər hallarda həmin şəxslər bu prosesdən uzaqlaşdırılacaq. Yalnız məktəbəqədər təlim-tərbiyə ixtisasını bitirmiş ali və ya orta ixtisas təhsilli şəxslər müvafiq imtahanlardan keçməklə bu istiqamətdə fəaliyyət göstərə biləcəklər.
Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələri üzrə sertifikatlaşdırmanın oktyabr ayında təşkili planlaşdırılır.
















