Bakının Nəsimi rayonu, 28 May metrostansiyası yaxınlığında yerləşən Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişməsi piyadalar üçün ciddi təhlükə mənbəyinə çevrilib.
Ərazidə nə piyada keçidi, nə də işıqfor mövcuddur. Nəticədə hər gün yüzlərlə insan avtomobillərin arasında qalaraq yolu keçməyə məcbur olur.
Cagdas.az bildirir ki, günün ən hərəkətli saatlarında sözügedən kəsişmədə nəqliyyat vasitələri yüksək sürətlə hərəkət edir. Piyadalar isə yolu keçmək üçün uzun müddət gözləməli olur. Ərazidə yerləşən obyektlər, restoranlar və yaşayış binaları səbəbindən bu küçədən gün ərzində çoxlu sayda sakin və turist istifadə edir. Lakin piyadaların təhlükəsizliyini təmin edən heç bir infrastrukturun olmaması narahatlıq doğurur.
Müşahidələr zamanı bəzi sürücülərin piyadalara yol vermədiyi, əksinə sürəti azaltmadan hərəkəti davam etdirdiyi də diqqət çəkib. Bu isə xüsusilə yaşlılar, uşaqlar və fiziki məhdudiyyətli şəxslər üçün ciddi risk yaradır.
Sıx hərəkətli küçə və prospektlərin kəsişmələrində piyada keçidinin və işıqforun olmaması yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırır. Belə ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacib hesab olunur.
Qeyd edək ki, piyadaların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə bu kəsişmədə zebra xəttinin çəkilməsi və zərurət yaranacağı halda digər hərəkətin tənzimlənməsi vasitələrinin tətbiqi ərazidə təhlükəsizliyin artırılmasına mühüm töhfə verə bilər. Sakinlər də aidiyyəti qurumlardan sözügedən kəsişmədə vəziyyətin araşdırılmasını və piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsini gözləyirlər.(sfera.az)


















