Ümumdünya Meteorologiya Təşkilatı (WMO) bildirib ki, El Niño hava hadisəsinin yaxın aylarda güclənməsi nəticəsində dünyanın bir çox bölgəsində isti hava dalğaları, quraqlıq, leysan yağışlar və digər ekstremal hava hadisələrinin baş vermə riski artacaq.
Təşkilatın hesabatına görə, 2026-cı ilin iyul-sentyabr aylarında El Niño-nun daha da güclənəcəyi gözlənilir. Bununla yanaşı, Ekvatorial Atlantik okeanında da suyun temperaturunun normadan yüksək olacağı proqnozlaşdırılır.
WMO-nun Baş katibi Selest Saulo bildirib ki, inkişaf etmiş mövsümi proqnozlar və erkən xəbərdarlıq sistemləri insanların həyatını qorumaq və iqtisadi itkiləri azaltmaq baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, El Niño Sakit okeanda suyun temperaturunun yüksəlməsi ilə əlaqədar yaranan və qlobal temperaturun artmasına səbəb olan iqlim hadisəsidir. Onun əksi olan La Niña isə daha sərin hava şəraiti ilə xarakterizə olunur.(referans media)
















