İyulun 7-8-də Türkiyənin paytaxtı Ankara dünya siyasətinin diqqət mərkəzinə çevriləcək. NATO-nun 36-cı Zirvə toplantısında Alyansın 32 üzv dövlətinin liderləri bir araya gələcək. ABŞ Prezidenti Donald Trampın da iştirak edəcəyi sammitdə Ukrayna müharibəsi, İran ətrafındakı vəziyyət, Yaxın Şərqdə artan gərginlik, müdafiə xərcləri, Avropanın təhlükəsizlik arxitekturası və NATO-nun gələcək strategiyası ilə bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi (İletişim Başkanlığı) bildirib ki, sammitdə NATO üzvü olan 32 ölkənin dövlət və hökumət başçıları ilə yanaşı, çoxsaylı dəvətli liderlər, 100-ə yaxın nazir, yüksək səviyyəli diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcəklər. Bununla belə, rəsmi Ankara hələlik dəvət olunan tərəfdaş ölkələrin tam siyahısını açıqlamayıb.
Məhz bu məqam Azərbaycan üçün də maraq doğurur. Rəsmi təsdiq olmasa da, Azərbaycanın sammitə dəvət olunan tərəfdaş ölkələr sırasında yer ala biləcəyi ehtimalı istisna edilmir. Azərbaycan uzun illərdir NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında iştirak edir, Alyansla müxtəlif istiqamətlərdə əməkdaşlıq edir və Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinə malikdir.
Tramp–Ərdoğan görüşü bütün dünyanın diqqətində
Sammitin ən mühüm hadisələrindən biri ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüş hesab olunur. Dünya mediası yazır ki, iki lider Ukrayna müharibəsini, İran ətrafında yaranmış vəziyyəti, Suriyanı, müdafiə sənayesi sahəsində əməkdaşlığı və NATO daxilində yeni güc balansını müzakirə edəcəklər. Bu görüşün nəticələrinin təkcə Alyans üçün deyil, bütün region üçün mühüm siyasi mesajlar verəcəyi gözlənilir.
Sammitin gündəliyində müdafiə xərclərinin artırılması, Avropa təhlükəsizliyinin gücləndirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, Rusiyanın yaratdığı təhlükələr və NATO-nun yeni strateji prioritetləri əsas yer tutur. Ankara toplantısının nəticələrinin yaxın illərdə Alyansın fəaliyyət istiqamətlərini müəyyənləşdirəcəyi bildirilir.
Ankara görünməmiş təhlükəsizlik rejiminə keçir
Paytaxtda təhlükəsizlik tədbirləri artıq ən yüksək səviyyəyə çatdırılıb. Şəhərin əsas magistralları və hökumət binaları ətrafında ciddi məhdudiyyətlər tətbiq olunub, minlərlə polis və təhlükəsizlik əməkdaşı xidmətə cəlb edilib. NATO əleyhinə keçirilən etiraz aksiyalarına müdaxilə edilib, çoxsaylı etirazçı saxlanılıb. Bu da sammitin nə qədər həssas geosiyasi şəraitdə keçirildiyini göstərir.
Ankara sammiti təkcə NATO-nun növbəti zirvə toplantısı deyil. Beynəlxalq müşahidəçilərin fikrincə, burada qəbul olunacaq qərarlar Avropa təhlükəsizliyinin gələcəyinə, Ukrayna müharibəsinin sonrakı gedişinə, Yaxın Şərqdə qüvvələr nisbətinə və ABŞ–Avropa münasibətlərinə ciddi təsir göstərə bilər. Bu baxımdan iyulun 7-8-də dünyanın siyasi mərkəzi məhz Ankara olacaq./musavat.com















