“Polşa Ukraynaya veriləcək MiQ-29 qırıcılarının modernləşdirilməsini müzakirə etməyə hazırdır, lakin bu xərcləri Kiyev və ya onun müttəfiqləri ödəməlidir”.
Çağdaş.Az xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış “Polsat News”a açıqlamasında deyib.
O qeyd edib ki, qırıcıların təhvil verilməsi ilə bağlı razılığa gəlmək mümkündür, lakin bunun üçün “qarşılıqlılıq prinsipi” və “həqiqi həmrəylik” qorunmalıdır.
İyunun 30-da Kosinyak-Kamış bildirmişdi ki, Ukrayna Polşanın dron texnologiyaları müqabilində MiQ-29 qırıcılarının verilməsi təklifini qəbul etməyib.
İyulun əvvəlində isə bəzi mənbələr Varşavanın Kiyevin pilotsuz uçuş aparatları üzrə texnologiyaları bölüşməkdən imtina etməsi səbəbindən 14 MiQ-29 qırıcısını utilizasiya etməyi planlaşdırdığını açıqlamışdı.
Həmçinin “One”t nəşri yazmışdı ki, Ukrayna Polşanın təklif etdiyi qırıcıları texniki vəziyyətlərinin zəif olması səbəbindən qəbul etməyib və yalnız təyyarələrin Polşa tərəfindən təmir olunacağı halda onları götürməyə razı olub.
İyulun 6-da Kosinyak-Kamış bildirib ki, Ukrayna MiQ-29 qırıcıları müqabilində öz pilotsuz uçuş aparatlarını təqdim etməyə razılıq verib./Globalinfo.az/
















