Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri Bakı-Moskva münasibətlərində son dövrlərdə yaranmış həssas fonun mövcud olduğu bir vaxta təsadüf edir. Səfər çərçivəsində onun rusiyalı həmkarı Sergey Lavrovla keçirəcəyi görüşdə ikitərəfli münasibətlərin gündəliyi ilə yanaşı, regional proseslərlə bağlı məsələlərin də müzakirə olunacağı gözlənilir.
Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə “qarşılıqlı maraq doğuran regional mövzular” da müzakirə ediləcək. Bu ifadə isə xüsusilə diqqət çəkir. Çünki hazırda Cənubi Qafqazda sülh gündəliyi, Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi, regionda kommunikasiyaların açılması və Zəngəzur dəhlizi ətrafında gedən proseslər əsas regional müzakirə mövzuları olaraq qalır.
Ceyhun Bayramovun səfəri çərçivəsində məhz hansı regional məsələlərin müzakirə olunacağı açıqlanmasa da, görüşün Bakı-Moskva münasibətlərində yeni gündəliyin formalaşdırılması baxımından əhəmiyyət daşıdığı görünür.
Cagdas.az xəbər veriri ki məsələ ilə bağlı Modern.az-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Azərbaycanla Rusiya arasında münasibətlərdə böhran yaranıb və hazırda əsas məqsəd ikitərəfli əlaqələrin əvvəlki səviyyəsinin bərpa olunmasıdır:
“Azərbaycanla Rusiya arasındakı münasibətlərdə böhran yaranıb. Cənab Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bu böhranın aradan qaldırılması ilə bağlı fikirlərini səsləndirib. Ənənəvi olaraq, Rusiya və Azərbaycan qarşılıqlı şəkildə ildə bir dəfə rəsmi səfərlər həyata keçirirlər. Xarici işlər nazirlərinin rəsmi səfərləri zamanı gündəlikdə bir çox məsələlər yer alır. Siyasi, iqtisadi, iki nazirlik arasında əməkdaşlıq formaları və digər məsələlər müzakirə olunur. Əsas məqsəd ikitərəfli münasibətlərdə yaranmış böhrandan əvvəlki əlaqələr səviyyəsinin bərpa edilməsidir. Kommunikasiya, tranzit, iqtisadi əməkdaşlıq, ticarət, mal mübadiləsi və digər məsələlər müzakirə olunacaq. Əminəm ki, həmişə olduğu kimi, azərbaycanlıların Rusiyadakı vəziyyəti barədə də fikirlər səslənəcək. Məsələlər çoxdur”.

Sabiq nazirin fikrincə, əsas məsələ ondan ibarətdir ki, Rusiya artıq Ermənistan-Azərbaycan sülh prosesində əvvəlki vasitəçilik rolunun faktiki olaraq aradan qalxdığını anlayır:
“Bu baxımdan, Moskva mövcud imkanlardan istifadə edərək, Azərbaycan tərəfindən də qəbul ediləcəyi təqdirdə, sülh gündəliyinin inkişafına müəyyən töhfə verməyə cəhd göstərə bilər. Buna misal olaraq kommunikasiya məsələsini göstərmək olar. Burada əsas məqam ondan ibarətdir ki, söhbət Ermənistanın mülkiyyətində olmayan dəmir yolu infrastrukturundan gedir. Zəngəzur dəhlizi ərazisindən keçən bu dəmir yolu vaxtilə Azərbaycanın mülkiyyətində olub. Lakin sonradan Ermənistan həmin infrastrukturu qanunsuz şəkildə Rusiya Dəmir Yollarının istifadəsinə verib. Nəticədə əsl mülkiyyətçi olan Azərbaycan bu prosesdən kənarda qalıb, Ermənistanla Rusiya Dəmir Yolları arasında isə müvafiq saziş imzalanıb. Bu dəmir yolu TRIPP layihəsinin elementi kimi istifadə oluna bilər. Mülkiyyət məsələsi də aktualdır. Çünki Rusiya öz iştirakını TRIPP layihəsində təmin etmək üçün həm sərhədçilərin orada olmasını, həm də mülkiyyət hüquqlarından istifadəni nəzərdə tutur. Əsl mülkiyyətçi olan Azərbaycanın mövqeyi də bu məsələdə gündəmə gətirilməlidir”.
















