“Konstitusiyanın mətnindən heç nə çıxarılmayıb, çünki biz yeni Konstitusiya yazırıq”.
Cagdas.az xəbər verir ki, bunu Ermənistan parlamentinin iclasında Dövlət-hüquq məsələləri daimi komissiyasının sədrinin seçilməsi məsələsinin müzakirəsi zamanı həmin vəzifəyə namizəd, hakim “Mülki müqavilə” partiyasının deputatı Arusyak Culakyan deyib.
O, müxalifətçi “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Anna Qriqoryanın suallarını cavablandırarkən yeni Konstitusiya layihəsinin hazırlanması ilə bağlı açıqlamalar verib.
“Biz qüvvədə olan Konstitusiyanı götürüb oradan hansısa müddəaları çıxarmamışıq, yenilərini də əlavə etməmişik. Biz boş vərəq götürdük və onun üzərində yeni Konstitusiyanın mətnini yazmağa başladıq”, – Culakyan bildirib.
Eyni zamanda deputat yeni Konstitusiya layihəsinin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın olmadığını təsdiqləyib.
“Layihədə olması nəzərdə tutulan preambulada Müstəqillik Bəyannaməsinə istinad varmı? Xeyr. Və olmamalı idi. Bu barədə nə qədər danışsanız və spekulyasiya etsəniz də, belədir”, – hakim partiyanın deputatı bildirib.
Yeni Konstitusiya layihəsinin nə vaxt dərc olunacağına gəlincə, deputat bildirib ki, sənədlə bağlı əlavə müzakirələrə, o cümlədən hakim komandanın daxilində müzakirələrə hələ də ehtiyac var.
Bununla belə, Culakyan layihənin mətninin cari ilin sonunadək dərc edilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Qeyd edək ki, Azərbaycan tərəfi Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir. Rəsmi Bakı bu tələb yerinə yetirilmədən sülh sazişinin imzalanmasının mümkün olmayacağını bəyan edib.(modern.az)
















