Milli Məclisin iclaslarında deputatların böyük əksəriyyəti parlament zalında klassik və əsasən tünd rəngli kostyumlarla görünür.
Bəs bunun xüsusi səbəbi varmı?
Cagdas.az xəbər verir ki, rəsmi tədbirlərdə tünd rəngli kostyumlara üstünlük verilməsi təsadüfi deyil. Qara, tünd göy və boz kimi rənglər klassik geyimdə ciddilik, təmkin və peşəkarlıqla əlaqələndirilir. Parlament kimi mühüm dövlət qurumunda isə xarici görünüşün də müəyyən qədər rəsmi xarakter daşıması gözlənilir.
Adının çəkilməsini istəməyən parlamentarilərdən biri saytımıza açıqlamasında deyib ki, deputatların geyimi yalnız şəxsi zövq məsələsi deyil. Onlar ictimaiyyət qarşısında ölkə qanunvericiliyini təmsil edən şəxslər kimi çıxış edirlər. Bu baxımdan daha sadə və klassik geyim seçimi diqqətin geyimə deyil, çıxışa və müzakirə olunan məsələlərə yönəlməsinə xidmət edir.
“Bəzən elə olur ki, parlamentin iclası başa çatandan sonra hansısa səfirlikdə tədbirə qatılırıq. Yaxud hansısa televiziya verilişində qonaq oluruq. Tünd rəngli kostyumlar bütün məkanlar üçün uyğundur”, – millət vəkili belə deyib.
Maraqlıdır ki, dünyanın bir çox parlamentlərində də kişilər üçün klassik kostyum, qadınlar üçün isə rəsmi və işgüzar geyim üstünlük təşkil edir. Bu, parlament mədəniyyətinin yazılı olmayan qaydalarından biri kimi qəbul olunur.
Yəni, deputatların əsasən tünd kostyum geyinməsi xüsusi bir “qayda”dan çox, rəsmi mühitə, ictimai statusa və parlament etiketinə uyğun geyim seçimi ilə bağlıdır.\metbuat.az\














