İranın ABŞ-yə mühüm təklif göndərdiyi iddia olunur. İddiaya görə, Vaşinqton dəniz blokadasını aradan qaldıraraq diplomatik danışıqlara qayıdarsa, Tehran Hörmüz boğazını 7 gün ərzində yenidən açmağa hazır olduğunu bildirib.
Cagdas.az xəbər verir ki, İran hökumətinin adının açıqlanmasını istəməyən bir rəsmisi təklifin vasitəçilər üzərindən ABŞ-yə çatdırıldığını deyib.
Yaponiyanın Kyodo xəbər agentliyinə danışan iranlı rəsmi iki ölkə arasında davamlı atəşkəsin əldə olunması məqsədilə danışıqların yenidən başlamasının təklif edildiyini bildirib.
Rəsmi ABŞ Prezidenti Donald Trampın İran Prezidenti Məsud Pezeşkianla Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşmək istəyinə də toxunub. Onun sözlərinə görə, Tramp və Pezeşkian arasında görüş ehtimalı yoxdur, lakin iki ölkə arasında razılaşmanın əldə olunması mümkündür.
İran tərəfi ABŞ-dən danışıqlar masasına qayıtmağı və İrana qarşı tətbiq etdiyi dəniz blokadasına son qoymağı gözləyir. Rəsminin sözlərinə görə, bu addımlar atılacağı təqdirdə Tehran strateji əhəmiyyət daşıyan Hörmüz boğazını 7 gün ərzində yenidən açmağa və danışıqlara qayıtmağa hazırdır.
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rzai sentyabrın 19-da verdiyi açıqlamada Tehranının müharibəni başa çatdırmaq üçün Vaşinqtona 7 şərt irəli sürdüyünü bildirmişdi.
Rzai ABŞ-nin İranın şərtlərini qəbul etməsinin Vaşinqtonun maraqlarına uyğun olduğunu deyib:
Müharibənin sona çatması üçün İranın şərtlərini qəbul etmək ABŞ-nin xeyrinədir. Biz müharibəyə tam hazırıq”.
Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzi ilə Oman körfəzini birləşdirən və dünya enerji daşımaları baxımından strateji əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biridir.\sfera.az\
















