Son dəqiqə

Kəlbəcər qızılının bazara çıxışı qızıl qiymətlərini ucuzlaşdırmayacaq – AÇIQLAMA

Cəmiyyət

Kəlbəcər rayonunda yerləşən zəngin qızıl yataqlarının xüsusilə Söyüdlü yatağının istismara verilməsi Azərbaycanın dağ-mədən sənayesinin inkişafında və iqtisadiyyatının şaxələnməsində strateji dönüş nöqtələrindən biridir.

Cagdas.az bildiriri ki mövzuyla bağlı Modern.az-a Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyəti sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov danışıb.

Onun sözlərinə görə Kəlbəcər və digər bölgələrdə qızıl yataqlarının istismara cəlb edilməsi ölkənin sənaye potensialının gücləndirilməsi, regionlarda iqtisadi fəallığın artırılması və qeyri-neft sektorunun şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Mədənlərin və emal müəssisələrinin fəaliyyəti nəticəsində yeni iş yerləri açılacaq, məşğulluq imkanları genişlənəcək, nəqliyyat, təchizat və xidmət sahələrində iqtisadi fəallıq yüksələcək. Xammalın ölkə daxilində emalı isə istehsal zəncirinin genişlənməsinə, yaradılan əlavə dəyərin daha böyük hissəsinin ölkə iqtisadiyyatında qalmasına və ixrac potensialının artmasına şərait yaradacaq. Bu istiqamətlər 2027–2030-cu illər üçün təsdiq edilmiş Dövlət Proqramının əsas hədəfləri ilə uzlaşır”.

Rövşən Əmirov qeyd edir ki, Kəlbəcər rayonundakı Söyüdlü (Zod) yatağı həmin hədəflər baxımından əhəmiyyətli layihələrdən biridir.

“Yatağın çıxarıla bilən qalıq qızıl ehtiyatı 1,03 milyon unsiya həcmində qiymətləndirilib. Filizin xüsusiyyətləri nəzərə alınmaqla, onun ilkin emalı üçün flotasiya texnologiyasının tətbiqi və müvafiq kompleksin yaradılması istiqamətində iş aparılır. Mədən tam istismar mərhələsinə keçdikdən sonra layihə üzrə birbaşa və dolayı məşğulluğun 1 300 nəfəri ötəcəyi gözlənilir. Bu miqyasda məşğulluq və əlaqəli xidmətlərə yaranan tələbat layihənin Kəlbəcərin sosial-iqtisadi inkişafına mühüm töhfə vermək potensialını göstərir.

Yerli hasilatın artması daxili bazarda xammal təklifinin genişlənməsi və sahibkarların təchizat imkanlarının yaxşılaşması baxımından əhəmiyyətlidir. Qızılın qiyməti beynəlxalq bazarda tələb və təklifin qarşılıqlı təsiri əsasında formalaşır; faiz dərəcələri, iqtisadi gözləntilər, geosiyasi risklər, investor fəallığı və mərkəzi bankların alışları isə qiymət dinamikasına təsir göstərir. Bu baxımdan yerli yataqların istismarı daxili emal imkanlarının genişlənməsi və zərgərlik sənayesi üçün xammal bazasının möhkəmlənməsi ilə daha çox əhəmiyyət kəsb edir.

Azərbaycan Zərgərlər Assosiasiyası baxımından yeni mədən və emal layihələrinin başlıca iqtisadi üstünlüklərindən biri yerli zərgərlik sənayesinin xammal bazasının güclənməsi imkanıdır. Hasilat və emal həcmlərinin artması yerli istehsalçıların xammal təminatı üçün əlavə mənbələr formalaşdıra bilər. Hasil olunan qızılın bir hissəsi ölkədə emal edilərək zərgərlik müəssisələrinə təqdim olunduğu halda təchizat zəncirinin dayanıqlığı artır, idxal və daşınma ilə bağlı bəzi xərclərin azalması üçün şərait yaranır. Xammala çıxışın yaxşılaşması istehsalın genişlənməsinə və yerli müəssisələrin rəqabət qabiliyyətinin yüksəlməsinə birbaşa təsir göstərir; emal, təchizat və xidmət sahələrində fəallığın artması isə həmin layihələrin dolayı iqtisadi təsirini təşkil edir”.
Nəticə etibarilə, yeni yataqların istismarı və emal müəssisələrinin yaradılması daxili bazarın inkişafına müsbət təsir göstərəcək. Hasil olunan qızılın müəyyən hissəsinin yerli zərgərlik istehsalına yönəldilməsi və ölkədaxili emal güclərinin artırılması bu təsirin miqyasını genişləndirəcək, xammaldan hazır məhsula qədər olan dəyər zəncirinin inkişafına şərait yaradacaq. Layihələrin iqtisadi səmərəsi məşğulluğun artmasında, istehsal və ixrac potensialının güclənməsində, həmçinin yerli zərgərlik müəssisələrinin dayanıqlı xammal təminatı və rəqabət qabiliyyətinin yüksəlməsinə xidmət edəcək”.