Son dəqiqə
Reklam
Reklam

Şahin Mustafayevlə davranışı gündəm olan Möhsün Rezai kimdir?

Cəmiyyət

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezainin Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşü zamanı əl sıxma tərzi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Görüntülərdəki jest diplomatik etikaya uyğun olmayan davranış kimi qiymətləndirilir. Diplomatik protokol üzrə mənbələrdə əl sıxmanın dövlət nümayəndələri arasında adi salamlaşma deyil, qarşılıqlı hörmət və münasibətin simvolik ifadəsi olduğu qeyd edilir.

Amma Möhsün Rezainin Azərbaycanda gündəmə gəlməsi üçün təkcə bu görüntü kifayət etmir. O, İranın siyasi-hərbi elitasında Azərbaycanla bağlı sərt açıqlamaları ilə dəfələrlə diqqət çəkmiş rəsmi şəxslərdən biridir.

Bəs Möhsün Rezai kimdir və İranın ən yüksək vəzifələrindən birinə necə gəlib?

Cagdas.az  saytı İranın Ali Milli Təhlükəsizlik Şurasının hazırkı katibi haqda yazını təqdim edir.

27 yaşında SEPAH komandiri oldu

Möhsün Rezai 1 sentyabr 1954-cü ildə İranın Xuzistan əyalətində anadan olub. Gənclik illərində şah rejiminə qarşı siyasi fəaliyyətə qoşulub, SAVAK (şah rejimi dövründə İranda fəaliyyət göstərmiş gizli polis və kəşfiyyat təşkilatı) tərəfindən həbs edilərək Əhvazda saxlanılıb.

İslam inqilabından sonra M.Rezai yeni qurulan İslam İnqilabı Keşikçiləri Korpusunun – SEPAH-ın formalaşmasında iştirak edən şəxslərdən biri olub. 1979-cu ildə SEPAH-ın siyasi-kəşfiyyat strukturlarında çalışıb, daha sonra korpusun rəhbərliyinə yüksəlib.

1981-ci ildə, 27 yaşında, Ayətullah Ruhullah Xomeyni tərəfindən SEPAH-ın baş komandanı təyin edilib.

Bu vəzifədə o, 1997-ci ilədək – təxminən 16 il qalıb. Nəticədə M.Rezai İranın ən uzun müddət SEPAH-a rəhbərlik etmiş komandirlərindən birinə çevrilib. Onun komandirliyi İran-İraq müharibəsinin böyük hissəsini əhatə edib.

Məhz həmin illər onun siyasi portretinin formalaşmasında həlledici rol oynayıb. SEPAH-ın hərbi imkanlarının genişləndirilməsi, quru, hava və dəniz qüvvələrinin inkişafı, hərbi təhsil və mühəndislik strukturlarının yaradılması onun rəhbərliyi dövründə sürətlənib.

Müharibədən sonra hərbi formanı çıxarıb siyasətə keçdi

1997-ci ildə SEPAH komandirliyindən gedən Möhsün Rezai siyasi sistemin ən yuxarı pillələrində qalmaqda davam edib.

O, İranın Məsləhət Şurasına (parlamentlə Konstitusiyaya Nəzarət Şurası arasında yaranan fikir ayrılıqlarını və mübahisələri tənzimləyən, həmçinin Ali Rəhbərə məsləhət verən əsas məşvərətçi və qərarverici dövlət qurumu) üzv təyin olunub və daha sonra uzun illər bu qurumun katibi olub.

Onun siyasi karyerasının digər istiqaməti prezidentliyə namizədlik idi.

Möhsün Rezai 2005-ci ildə prezident seçkilərində namizədliyini irəli sürsə də, səsvermədən əvvəl mübarizədən geri çəkilib. 2009, 2013, 2017 və 2021-ci illərdə isə prezidentliyə namizəd olub. 2021-ci il seçkisində təxminən 3,4 milyon səs alıb.

Rezai prezident ola bilməsə də, İran dövlət sistemindəki mövqeyini itirməyib.

2021-ci ildə prezident İbrahim Rəisinin hökumətində iqtisadi məsələlər üzrə vitse-prezident təyin olunub. 2023-cü ildə bu vəzifədən ayrılıb.

2026-cı ilin avqustunda isə onun karyerasında daha bir mühüm mərhələ başladı: Rezai İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edildi. Xarici mənbələr onu İranın təhlükəsizlik və xarici siyasət koordinasiyasına cavabdeh əsas strukturlardan birinin rəhbəri kimi təqdim edir.


Adı 1994-cü ildəki Buenos-Ayres terroru ilə bağlıdır

Möhsün Rezai ilə bağlı beynəlxalq səviyyədə ən ciddi mübahisəli mövzulardan biri 1994-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə AMİA yəhudi icmasının mərkəzinə bombalı hücumla bağlıdır.

Hücum nəticəsində 85 nəfər ölmüş, 150-dən çox insan yaralanmışdı.

Argentina istintaqı illər sonra bir sıra yüksək rütbəli İran rəsmilərini hücumun planlaşdırılmasında və təşkilində iştirak etməkdə ittiham edib.

2007-ci ildə İnterpolun İcraiyyə Komitəsi Argentina tərəfinin müraciətinə əsasən altı nəfər, o cümlədən Möhsün Rezai barəsində Red Notice – beynəlxalq axtarış bildirişinin verilməsini təsdiqləyib. İnterpol xüsusi olaraq qeyd edib ki, Red Notice şəxsin təqsirli olması barədə hökm deyil və iş üzrə hüquqi qiymətləndirmə müvafiq məhkəmə orqanlarının səlahiyyətindədir.

2026-cı ildə də M.Rezainin adı bu iş üzrə beynəlxalq axtarış statusu ilə bağlı xəbərlərdə yer alır. Argentina məhkəməsi 2025-ci ildə iş üzrə bir sıra şəxslərin qiyabi mühakiməsinə yol açan qərarlar qəbul edib.

Azərbaycanla bağlı sərt ritorikası

Möhsün Rezainin Azərbaycana münasibəti də onun siyasi portretinin mühüm hissəsidir.

2023-cü ildə İranın iqtisadi məsələlər üzrə vitse-prezidenti olduğu vaxt M.Rezai SEPAH nümayəndələri qarşısındakı çıxışı zamanı Azərbaycanın İsraillə hərbi əlaqələrini kəskin tənqid edib.

Bu barədə “Radio Farda” və “Azadlıq Radiosu” da məlumatlar yayıb.

Ümumiyyətlə, Möhsün Rezainin ritorikasında iki xətt paralel görünür: bir tərəfdən Azərbaycanla tarixi və mədəni yaxınlıqdan danışılır, digər tərəfdən Bakının İsraillə münasibətləri tənqid edilir.

Maraqlıdır ki, M.Rezainin Azərbaycana münasibətində ziddiyyətli görünən başqa açıqlamalar da var.

2021-ci ildə Qarabağla bağlı keçirilən beynəlxalq konfransda Rezai İranın “bütün gücü ilə Azərbaycan və Qarabağı müdafiə etdiyini” bildirib. O, Ermənistanın nəzarətində qalan ərazilərin Azərbaycana qaytarılmasını müdafiə edib.

Həmin çıxışında Rezai Azərbaycanı sadəcə qonşu ölkə kimi deyil, “bir millətin iki ölkəsi” kimi təqdim edib.


Ailə həyatı da qalmaqallı hadisə ilə yadda qalıb

M.Rezainin şəxsi həyatı da İran siyasətində kifayət qədər diqqət çəkən hadisələrlə müşayiət olunub.

Açıq mənbələrə görə, onun həyat yoldaşı Məsumə Xadangdır. Cütlüyün beş övladı var: Əhməd, Sara, Əli, Zəhra və Məhdiə.

Böyük oğlu Əhməd Rezai 1990-cı illərin ortalarında İrandan ABŞ-a gedərək siyasi sığınacaq istəyib. O, atasının və İran hakimiyyətinin siyasətinə qarşı sərt fikirləri ilə tanınıb.

2011-ci ildə isə Əhməd Rezai Dubaydakı mehmanxanada ölü tapılıb.

Dubay polisi onun ölümünü antidepressant dərmanların həddindən artıq qəbulu ilə əlaqələndirmişdi. Lakin Möhsün Rezai sonradan oğlunun İsrail kəşfiyyatı Mossad tərəfindən öldürüldüyünü iddia edib və bunu oğlunun atasının SEPAH komandiri olduğu dövrdə gördüyü fəaliyyətlə əlaqələndirib.

Möhsün Rezainin qardaşı Omidvar Rezai də İran siyasətində fəaliyyət göstərib və bir neçə çağırış İran parlamentinin deputatı olub.

Azərbaycan nümayəndə heyətilə eyni masada

Möhsün Rezainin sentyabrın sonunda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşməsi xüsusi diqqət çəkir.

Görüş zamanı tərəflər ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər. İran mediasının yaydığı məlumata görə, enerji və mədən sahəsində əməkdaşlığın genişləndirilməsi, Araz dəhlizi layihəsinin icrasının sürətləndirilməsi və qonşu ölkələr arasında münasibətlərin gücləndirilməsi də müzakirə mövzuları arasında olub.

M.Rezai isə görüşdə ABŞ və İsrailin İrana hücumunu pisləyib və ABŞ prezidenti Donald Trampın “nə danışıqlar apara, nə də döyüşə bildiyini” deyib.

Lakin görüşdən yayılan görüntüdəki əl sıxma hərəkəti bütün bu məsələləri kölgədə qoyaraq ayrıca müzakirə predmetinə çevrilib.\modern.az\