Azərbaycanda bəzi artezian quyularının istismarına marağın az olmasının əsas səbəbi elektrik enerjisi xərclərinin yüksək olmasıdır.
Cagdas.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
Nazir bildirib ki, yüksək elektrik xərclərinə görə vətəndaşlar bəzi hallarda artezian quyularını öz balanslarına götürmək istəmirlər.
Məcnun Məmmədov problemin həlli üçün yeni dəstək mexanizminin tətbiq ediləcəyini açıqlayıb.
Onun sözlərinə görə, 2027-ci il yanvarın 1-dən artezian quyuları da daxil olmaqla kənd təsərrüfatı təyinatlı obyektlərdə günəş panellərinin quraşdırılması xərcinin 50 faizi dövlət tərəfindən qarşılanacaq.
Nazir hesab edir ki, bu addım artezian quyularının elektrik enerjisi xərclərini əhəmiyyətli dərəcədə azaldacaq və onların istismarına marağı artıracaq.
“Elektrik enerjisi təminatı ucuzlaşdıqdan sonra əksinə, artezian quyusuna sahib olmaq istəyənlər artacaq. Bu imkandan istifadə etməyə 2027-ci il yanvarın 1-dən hər kəsi çağırıram”, – nazir bildirib.


