Toyuq əti istehsal edən fabriklərinin topdansatış qiymətlərində artım yoxdur”.
Cagdas.az bildirir ki, bu sözləri Bizim media-ya toyuq ətinin bahalaşmasına münasibət bildirən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli deyib.
O, qiymətin tələbdən asılı olaraq arta biləcəyini bildirib:
“Toyuq ətinin qiymətinin artmayacağını düşünürəm, qiymətin qalxması üçün ən əsas səbəblərdən biri yemin qiymətinin qalxmasıdır. Yemin və digər kommunal qiymətlər qalxmadığı üçün toyuq ətinin bahalşacağını da gözləmirəm. Amma istənilən halda region dövlətlərdə toyuq ətinin qiymətinin qalxması hardasa az da olsa bizə təsir edə bilər. İstina etmədiyim hal budur”.
Sədr bir müddət öncə mağazalarda toyuq ətinin qıt olması məsələsinə toxunaraq bunu qıtlıq hesab etməyib:
“Mən toyuq əti ilə bağlı qıtlığa rast gəlməmişəm. Çünki istehsal fabrikləri ilə gündəlik əlaqə yaradıram, gündəlik istehsalda heç bir dəyişiklik yoxdur. Həmçinin, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2026-cı ilin ilk yarım ilində 53 min ton toyuq əti istehsal olunub. 2025-ci ilin müvafiq dövründə bu 51 min ton olub. Yəni ötən illə müqayisədə 2 min ton da artıq istehsal var.
Bu qıtlığın haradan yarandığını bilmirəm.
Amma qırmızı ətin, yəni dana və qoyun ətinin qiymətinin qalxması toyuq ətinə tələbatı artırıb. Yəni bir təsiri budur. İkinci təsir isə turistlərlə bağlıdır. Sentyabrda ölkədə xeyli sayda turist oldu, bunun da az da olsa öz təsiri var. Üçüncüsü isə əhalinin tətildən dönməsidir. Biz hər il bunu gözləyirik. Sentyabrda qıtlıq olmasa da toyuq əti daha az tapılır, bol olmur”.
Qeyd edək ki, bir müddət öncə market və bazarlarda toyuq ətinin, xüsusilə, toyuq filesinin qıtlığı müşahidə olunub. Bəzi mağazalarda qeyd edilən məhsul ya olmayıb, ya da daha baha qiymətə təklif olunub.


