Son dövrlər Azərbaycana qarşı ideoloji zəmində hibrid hücumların müşahidə olunması milli ideologiya və ideoloji təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
Cagdas.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili parlamentin iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, müasir dövrdə milli ideologiyanın qorunması və inkişaf etdirilməsi dövlət təhlükəsizliyinin mühüm istiqamətlərindən biridir.
“Biz azərbaycanlı olaraq kimik, nəyə inanırıq və necə bir ölkədə yaşamaq istəyirik?” – deyə Tahir Mirkişili sual edib.
O, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ideoloji təhlükəsizliklə bağlı səsləndirdiyi fikirləri xatırladıb. Deputat qeyd edib ki, dövlət başçısı ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər əhəmiyyətli olduğunu vurğulayıb, internet, kiberməkan və süni intellekt dövründə ideoloji risklərin sərhəd tanımadığına diqqət çəkib.
Tahir Mirkişili bildirib ki, milli ideologiyanın əsas prinsiplərinin qorunması və müasir çağırışlara uyğun təbliği xüsusi əhəmiyyət daşıyır.

Deputat Ulu öndər Heydər Əliyevin də milli ideologiya ilə bağlı fikirlərini xatırladıb. O qeyd edib ki, Heydər Əliyev 1998-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş tədbirdə milli ideologiyanın əsasını dövlətçilik, milli-mənəvi dəyərlər və ümumbəşəri dəyərlərin təşkil etdiyini bildirib.
Onun sözlərinə görə, bu prinsiplər azərbaycançılıq məfkurəsinin əsas tərkib hissələridir. Dövlətçilik Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasını, milli-mənəvi dəyərlər ana dilinin, adət-ənənələrin və mənəvi irsin yaşadılmasını, ümumbəşəri dəyərlər isə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunu əhatə edir.
Tahir Mirkişili vurğulayıb ki, milli ideologiyanın inkişafı yalnız onun prinsiplərinin müəyyənləşdirilməsi ilə məhdudlaşmamalı, eyni zamanda, elmi araşdırmalar və maarifləndirmə işləri ilə dəstəklənməlidir.
Deputat bu istiqamətdə alimlərin və tədqiqatçıların üzərinə mühüm vəzifələr düşdüyünü bildirib.
“Güman edirəm ki, bizim alimlərimiz, tədqiqatçılarımız bu sahədə çox geniş iş görməlidirlər”, – deyə o qeyd edib.
Tahir Mirkişili Azərbaycanda Azərbaycançılıq İnstitutunun yaradılmasını da təklif edib.
“Məhz bu məqsədlə hesab edirəm ki, ölkəmizdə Azərbaycançılıq İnstitutunun yaradılmasına artıq böyük ehtiyac var. Əminəm ki, belə bir institut milli ideologiyanın məzmununun zənginləşməsinə mühüm töhfə verə bilər”, – deyə deputat fikrini yekunlaşdırıb.\cagdas.az\


