Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-15-də Azərbaycana işgüzar səfər edəcək.
Çağdaş.Az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Şavkat Mirziyoyev Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək.
Azərbaycanın sədrliyi ilə keçirilən forumun gündəliyinə Asiyada təhlükəsizliyin, sülhün və etimadın möhkəmləndirilməsi, eləcə də AQEM-in gələcək institusional inkişafı ilə bağlı mühüm məsələlər daxildir.
Sammit çərçivəsində rəqəmsallaşma, nəqliyyat əlaqələri, dayanıqlı iqtisadi artım və digər prioritet sahələrdə praktiki əməkdaşlıq imkanları müzakirə olunacaq. İştirakçılar, həmçinin beynəlxalq və regional gündəliyin əsas məsələləri barədə fikir mübadiləsi aparacaqlar.
Sammitin yekununda Bakı Bəyannaməsinin, eləcə də təşkilatın səmərəliliyinin və rolunun artırılmasına yönəlmiş qərarlar paketinin qəbul edilməsi planlaşdırılır.
Qeyd edək ki, AQEM Asiyada sabitliyin, təhlükəsizliyin, sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən beynəlxalq forumdur. Hazırda təşkilat Asiya qitəsinin əhalisinin və ərazisinin təxminən 90 faizini əhatə edən 28 dövləti birləşdirir.


