Son dəqiqə

Xəzər sahilində torpaqların idarə edilməsi qaydası dəyişir

Cəmiyyət

Xəzər dənizinin Azərbaycana mənsub hissəsinin sahilboyu ərazilərində torpaqların idarə olunması, istifadəsi və mühafizəsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib.

Cagdas.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Sənədə əsasən, Xidmət sahilboyu ərazilərdə idarəetmə və nəzarətdə iştirak edən dövlət qurumlarının fəaliyyətini də əlaqələndirəcək. Bu məqsədlə qurumun işçilərinin say həddi 40 ştat vahidi artırılıb.

Fərman adalara, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan ərazilərə, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədilə istifadə olunan, eləcə də digər xüsusi statuslu ərazilərə şamil edilmir.

Nazirlər Kabinetinə altı ay ərzində sahilboyu ərazilərin xüsusi statusunun, zonalaşdırılmasının və hüquqi rejiminin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.

Həmçinin torpaqların qanunsuz zəbtinin qarşısının alınması, inzibati və cinayət məsuliyyəti tədbirlərinin gücləndirilməsi ilə bağlı normativ hüquqi aktların layihələri hazırlanacaq.

Dənizin su səthinin quru ilə təmas xəttinin mövcud vəziyyəti, sahilboyu ərazilərin sərhədləri və ölçüləri, kağız üzərində və rəqəmsal formada qrafik təsviri də altı ay müddətində Prezidentlə razılaşdırılmaqla təsdiqlənəcək.

Sahilboyu torpaqların idarə olunması, o cümlədən istifadəyə və icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “bir pəncərə” prinsipi əsasında Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək.

İqtisadiyyat Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə coğrafi informasiya sistemləri əsasında aktual xəritə və məlumatları əhatə edən informasiya sisteminin yaradılmasına dair təkliflərini altı ay ərzində dövlət başçısına təqdim etməlidir.

Sənəddə müşahidə sistemləri, yerində monitorinqlər, söküntü, abadlıq və sanitar təmizlik işləri üçün zəruri maliyyə vəsaitinin ayrılması ilə bağlı tədbirlər də nəzərdə tutulub. Görülən işlər barədə ildə bir dəfə Prezidentə məlumat veriləcək.