İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-a məxsus MQM-170 tipli pilotsuz uçuş aparatının Hörmüz boğazı yaxınlığında bütöv vəziyyətdə ələ keçirildiyini açıqlayıb.
Çağdaş.Az xəbər verir ki, SEPAH-ın yaydığı məlumata görə, pilotsuz aparatın idarəetmə siqnalları ələ keçirildikdən sonra o, Qeşm adasının cənubunda yerə endirilib.
Qurumun bəyanatında bildirilir ki, bu, SEPAH Hərbi Dəniz Qüvvələrinin Elektron Müharibə və PUA Komandanlığı tərəfindən bütöv vəziyyətdə ələ keçirilən dördüncü MQM-170 tipli pilotsuz aparatdır.
Açıqlamaya əsasən, ümumilikdə isə İranın hava hücumundan müdafiə qüvvələri indiyədək Hörmüz boğazı yaxınlığında səkkiz pilotsuz uçuş aparatını bütöv vəziyyətdə ələ keçirib.
SEPAH iddia edir ki, pilotsuz aparat bölgədə İranın hava hücumundan müdafiə və elektron müharibə sistemlərinin yerini müəyyənləşdirmək məqsədilə kəşfiyyat fəaliyyəti həyata keçirirdi. Daha sonra İran hərbçiləri onun idarəetməsini öz nəzarətlərinə götürüblər.
SEPAH Hərbi Dəniz Qüvvələri bəyanatında ABŞ hərbi komandanlığını “döyüş meydanındakı reallığı qəbul etməyə” və İranın Hörmüz boğazı üzərindəki suverenliyinə hörmət göstərməyə çağırıb.
Qeyd edək ki, bu məlumat İranın rəsmi hərbi qurumunun açıqlamasına əsaslanır. ABŞ tərəfindən hadisə ilə bağlı hələlik rəsmi təsdiq və ya şərh verilməyib.


