İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələri Hörmüz boğazında qadağan olunmuş marşrutla hərəkət etməyə çalışan iki neft tankerinin minaya düşərək alovlandığını açıqlayıb.
Çağdaş.Az xəbər verir ki, SEPAH-a bağlı rəsmi Sepah xəbər kanalında yayılan məlumatda bildirilib ki, qaydaları pozan tankerlər bazar ertəsi ABŞ döyüş təyyarələrinin müşayiəti ilə boğazdan keçməyə cəhd edib.
Açıqlamada qeyd olunub ki, bazar və bazar ertəsi günləri ümumilikdə 6 tanker oxşar hadisə ilə üzləşib.
SEPAH neft şirkətlərinə Hörmüz boğazının cənub hissəsində yerləşən minalanmış qadağan olunmuş marşrutdan istifadə etməmək barədə xəbərdarlıq edib.
SEPAH bundan əvvəl bazar günü qaydaları pozan iki neft tankerinin qadağan olunmuş marşrutda minaya düşdüyünü və gəmilərdə partlayış baş verdiyini açıqlamışdı.
Məlumata görə, həmin tankerlərdən biri 2 milyon barreldən çox neft daşıyan supertanker olub. Partlayışdan sonra başlayan yanğın nəticəsində gəminin Fars körfəzinin cənub sularında batdığı bildirilib.
İran Hərbi Dəniz Qüvvələri həmçinin bazar günü və bazar ertəsi gününün ilk saatlarında daha iki tankerin Hörmüz boğazının şərq hissəsində minaya düşərək alovlandığını açıqlayıb.
Məlumata görə, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı birgə hücumlara başlamasından sonra Tehran Hörmüz boğazı üzərində nəzarəti gücləndirib.
İran ABŞ, İsrail və onların müttəfiqlərinə məxsus gəmilərin boğazdan təhlükəsiz keçidinə məhdudiyyətlər tətbiq etdiyini bildirib.
Hörmüz boğazı dünya enerji daşımaları baxımından ən strateji dəniz keçidlərindən biri hesab olunur. Bölgədə baş verən hər hansı təhlükəsizlik böhranı qlobal neft bazarlarında ciddi təsir yarada bilər.


