Milli Məclisdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Cagdas.az xəbər verir ki, qanun layihəsinə əsasən, büdcə gəlirləri 2026-cı ilin proqnozu ilə müqayisədə 645 milyon manat və ya 1,7 faiz, xərclər isə 696,4 milyon manat və ya 1,7 faiz çox olacaq.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 146 milyon manat, yaxud ümumi daxili məhsulun 2,2 faizi səviyyəsində proqnozlaşdırılır.
Gəlirlərin 23 milyard 774 milyon manatının qeyri-neft-qaz, 15 milyard 480 milyon manatının isə neft-qaz sektorundan formalaşacağı gözlənilir. Qeyri-neft-qaz sektorunun büdcə gəlirlərində payı 60,6 faiz təşkil edəcək.
Dövlət Neft Fondundan büdcəyə 11 milyard 900 milyon manat transfert nəzərdə tutulur. Bu, cari ilin proqnozundan 935 milyon manat və ya 7,3 faiz azdır.
Gələn il sosialyönlü xərclərə 18 milyard 733,4 milyon manat yönəldilməsi planlaşdırılır. Bu, büdcə xərclərinin 44,2 faizini təşkil edir və cari illə müqayisədə 1 milyard 582,1 milyon manat çoxdur.
Əsas xərc istiqamətlərindən müdafiə və milli təhlükəsizliyə 8 milyard 816,4 milyon manat, təhsilə 5 milyard 99 milyon manat, sosial müdafiə və sosial təminata 4 milyard 914 milyon manat, səhiyyəyə isə 2 milyard 84,1 milyon manat nəzərdə tutulur.
İşğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və digər tədbirlər üçün büdcənin bütün xərc bölmələri üzrə ümumilikdə 3 milyard 422 milyon manat yönəldilməsi planlaşdırılır.
Dövlət borcuna xidmət xərcləri üçün isə 2 milyard 200 milyon manat nəzərdə tutulur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
16 noyabr 11:00
Milli Məclisin növbəti plenar iclası başlayıb.
Cagdas.az xəbər verir ki, iclasın gündəliyinə 2027-ci il üzrə büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi də daxildir.
İclasda gələn ilin büdcə sənədləri ilə bağlı təqdimatlar dinləniləcək, deputatlar layihələrə dair fikir və təkliflərini səsləndirəcəklər.
Bu gün başlayan büdcə müzakirələri üç gün davam edəcək. Milli Məclis noyabrın 17-də və 18-də də büdcə zərfinə daxil olan qanun layihələrini müzakirə edəcək.
İclasda Baş nazir Əli Əsədov, maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və hökumət üzvləri iştirak edirlər.


