Sumqayıtın 29 mindən çox sakinin yaşadığı Yaşıl dərə massivində məktəb yoxdur, kanalizasiya və sosial infrastrukturun qurulmasına ehtiyac var.
Cagdas.az xəbər verir ki, bunu deputat Mehriban Vəliyeva Milli Məclisin bugünkü plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Deputatın sözlərinə görə, təxminən 550 hektar ərazini əhatə edən, 4210 fərdi evin yerləşdiyi massiv sakinlər tərəfindən salındığından kanalizasiya şəbəkəsi, yollar və sosial infrastruktur əvvəlcədən planlaşdırılmayıb. Ərazinin yalnız 0,35 hektarını yaşıllıq zonası təşkil edir.
M.Vəliyeva məktəbin olmamasının həm uşaqlar, həm də ətraf təhsil müəssisələri üçün çətinlik yaratdığını vurğulayıb:
“Massivin öz ərazisində məktəb yoxdur. Uşaqlar uzaq məsafə qət etməli olur və bu, ətraf məktəblərdə şagird sıxlığını artırır. Yaşıl dərədə uşaq bağçasına və ilkin tibbi yardım məntəqəsinə də ehtiyac var”.
Deputat Sumqayıtın kanalizasiya və yağış suları sisteminin yenidən qurulması üzrə təxminən 41,5 milyon manatlıq müqavilə çərçivəsində “Acı dərə” kanalının boruya alınması istiqamətində işlər görüldüyünü xatırladıb. Bildirib ki, birinci mərhələdə Yaşıl dərə layihəyə daxil edilməyib. O, növbəti mərhələdə massivin də layihə ilə əhatə olunmasını təklif edib.
M.Vəliyeva bu il bələdiyyə və icra hakimiyyətinin dəstəyi ilə massivin əsas yolunda və kiçik parkında abadlıq işləri aparıldığını, lakin kanalizasiya və digər infrastruktur problemlərinin həllinin dövlət investisiyası tələb etdiyini söyləyib.
Deputat Sumqayıtın Baş planına uyğun olaraq Yaşıl dərə üçün mərhələli tədbirlər planının hazırlanmasını istəyib. O, kanalizasiya və yağış suları şəbəkəsinin çəkilişinin yolların təmiri və küçələrin işıqlandırılması ilə əlaqələndirilməsini, yeni məktəb tikintisinin plana daxil edilməsini təklif edib.
Mehriban Vəliyeva uşaq bağçası və ilkin tibbi yardım məntəqəsi üçün ərazilərin müəyyənləşdirilməsinə də çağırıb:
“2027-ci ilin dövlət investisiya xərcləri planlaşdırılarkən bu işlər üzrə layihə-smeta sənədlərinin hazırlanması və ilkin işlərin görülməsi üçün vəsait ayrılması imkanına baxmağınızı xahiş edirəm”.


