Son dəqiqə

Bayraktar TB3 dənizaltı əleyhinə yeni imkan qazandı

Dünya

Türkiyənin yerli və milli silahlı pilotsuz uçuş aparatı (SİHA) Bayraktar TB3 dənizaltı əleyhinə əməliyyatlarda istifadə oluna biləcək yeni qabiliyyət əldə edib.

Çağdaş.Az xəbər verir ki, Sentyabrın 20-25-də Qara dəniz, Mərmərə, Egey və Şərqi Aralıq dənizində eyni vaxtda keçirilən “Denizkurdu-I/2026” təlimi çərçivəsində Bayraktar TB3 mühüm sınaq mərhələsini uğurla başa vurub.

Türkiyənin amfibiya hücum gəmisi TCG Anadoludan havaya qalxan Bayraktar TB3, Baykar tərəfindən hazırlanmış Sonoboy Atım Sistemi (SAS POD) vasitəsilə iki sonoboyu dənizə buraxıb. Bununla da PUA dənizaltı əleyhinə mübarizə imkanlarını uğurla sınaqdan keçirib.

Sonoboylar suya buraxıldıqdan sonra sualtı akustik siqnalları qəbul edərək dənizaltıların aşkar edilməsinə kömək edən sistemlərdir. Toplanan məlumatlar dənizaltıların yerinin müəyyənləşdirilməsi və izlənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sınaq zamanı Bayraktar TB3 yalnız özünün buraxdığı sonoboylardan deyil, həm də təlimdə iştirak edən dəniz patrul təyyarəsinin buraxdığı sonoboylardan daxil olan məlumatları emal edib. SİHA əldə olunan sualtı akustik məlumatları real vaxt rejimində nümayiş etdirməyi də bacarıb.

Təlim çərçivəsində dəniz patrul təyyarəsi ilə koordinasiyalı fəaliyyət göstərən Bayraktar TB3 pilotsuz uçuş aparatlarının dənizaltı əleyhinə əməliyyatlarda istifadəsi istiqamətində mühüm mərhələni geridə qoyub.

Bu yeni imkan sayəsində Bayraktar TB3 artıq təkcə suüstü hədəflərə qarşı deyil, həm də sualtı təhdidlərin aşkarlanması və izlənilməsi üzrə əməliyyatlarda da istifadə oluna biləcək.