2027-ci il yanvarın 1-dən məhkəmə əmri haqqında ərizənin verilməsinə görə 25 manat dövlət rüsumu tutulması nəzərdə tutulur.
Cagdas.az xəbər verir ki, məsələ Milli Məclisin 27 noyabrda keçiriləcək plenar iclasında müzakirə olunacaq “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik mətnində əksini tapıb.
Sənədə əsasən, məhkəmə əmri haqqında ərizələr üçün rüsum qanunda ayrıca maddə ilə müəyyən ediləcək.
Pul məbləği ilə qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətləri üçün rüsum iddianın mübahisələndirilən hissəsi üzrə hesablanacaq. Ödəniləcək məbləğ həmin hissəyə görə qanunun 8.1-ci maddəsində müəyyən edilmiş rüsumun 50 faizi olacaq.
Eyni qayda qanuni qüvvəyə minmiş məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması üçün verilən ərizələrə də şamil ediləcək. Qiymətləndirilməyən iddialar üzrə isə rüsum qanunun 8.6-cı maddəsi ilə tənzimlənəcək.
Sənəddə dəyişikliklərin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.


