Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin lideri Birliyin 2028–2034-cü illəri əhatə edən uzunmüddətli büdcəsini müzakirə etmək üçün Belçikanın paytaxtı Brüsseldə toplaşıb.
Çağdaş.Az xəbər verir ki, iki gün davam edəcək Aİ Liderlər Zirvəsində əsas müzakirə mövzuları büdcənin ümumi həcmi, üzv dövlətlərin maliyyə töhfələri və vəsaitlərin prioritet sahələr üzrə bölüşdürülməsi olacaq.
Zirvə öncəsi açıqlama verən Aİ Şurasının Prezidenti Antonio Koşta bildirib ki, yeni uzunmüddətli büdcə toplantının ən vacib gündəm məsələsidir.
Koştanın sözlərinə görə, Avropa İttifaqı fermerlərə, şəhər və regionlara dəstəyi davam etdirməli, eyni zamanda təhlükəsizlik və müdafiə sahəsinə daha çox sərmayə yatırmalıdır.
O, həmçinin qeyd edib ki, Birlik rəqabət qabiliyyətini artırmalı və vətəndaşların enerji qiymətləri, mənzil təminatı kimi əsas problemlərlə bağlı gözləntilərinə cavab verməlidir.
Aİ Şurasının Prezidenti vurğulayıb ki, üzv ölkələrin büdcəyə ödədiyi milli töhfələr məqbul səviyyədə saxlanılmalıdır.
Antonio Koşta bildirib ki, sammitin üç əsas prioriteti var:
– 2028–2034-cü illər üçün büdcənin ümumi həcminin müəyyənləşdirilməsi;
– maliyyə vəsaitlərinin müxtəlif prioritet istiqamətlər arasında bölüşdürülməsi;
– milli töhfələri artırmadan yeni maliyyə mənbələri hesabına balanslaşdırılmış büdcə modelinin formalaşdırılması.
O əlavə edib ki, bütün liderlər kompromisə açıq yanaşmalı və ilin sonunadək yeni büdcənin təsdiqlənməsi üçün ortaq razılığa gəlməlidirlər.


