Türkiyə ilə ABŞ arasında mühüm təmas baş tutacaq. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər vəzifəyə gəldikdən sonra ilk dəfə ABŞ-a rəsmi səfər edəcək.
Çağdaş.Az xəbər verir ki, Yaşar Gülərin 30 noyabr – 3 dekabr tarixlərində həyata keçirəcəyi səfər çərçivəsində ABŞ-ın müdafiə naziri Pit Heqset (Pete Hegseth) ilə görüşü planlaşdırılır.
Məlumata görə, görüşdə iki ölkə arasındakı müdafiə və təhlükəsizlik məsələləri əsas müzakirə mövzuları olacaq.
Tərəflərin gündəmində Türkiyənin F-16 və F-35 qırıcı təyyarələri ilə bağlı tədarük prosesi, eləcə də ABŞ tərəfindən tətbiq edilən CAATSA sanksiyalarının aradan qaldırılması məsələsinin yer alacağı gözlənilir.
Bundan əlavə, Ankara-Vaşinqton hərbi əlaqələrinin gələcək istiqamətləri və qlobal təhlükəsizlik sahəsində baş verən son proseslərin də müzakirə olunacağı bildirilir.
Qeyd edək ki, bu səfər Yaşar Gülərin milli müdafiə naziri vəzifəsində çalışdığı müddətdə ABŞ-a ilk rəsmi səfəri olacaq.


