İtaliyanın Avropa İttifaqı məsələləri üzrə naziri Tommaso Foti bildirib ki, hazırda müzakirə olunan təkliflərin heç biri beynəlxalq hüquqa uyğunluğa zəmanət vermir.
Cagdas.az bildirir ki, İtaliyanın Avropa İttifaqı məsələləri üzrə naziri Tommaso Foti İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində Rusiyanın Avropadakı dondurulmuş aktivlərindən Ukraynaya təzminat krediti kimi istifadənin riskli olduğunu bildirib və vurğulayıb ki, hazırda gündəmdə olan təşəbbüslərin heç biri beynəlxalq hüquqa riayət olunacağına zəmanət vermir.
“Bizim üçün əsas məsələ siyasi maraqlarla beynəlxalq hüquqa əməl olunması arasında balansı qorumaqdır. Bu isə çox ciddi problemdir. Müzakirə edilən heç bir təklif beynəlxalq hüquqa uyğunluğu təmin etmir”, – deyə nazir qeyd edib.
Foti həmçinin bildirib ki, aparıcı Avropa ölkələri indiyədək sülh prosesinə real təsir göstərə və danışıqlara ciddi töhfə verə bilməyiblər. Bununla belə, o, Avropanın rolunun sadəcə köməkçi olmadığını, əksinə, onun iştirakının vacib olduğunu düşünür. Nazir əlavə edib ki, ABŞ–Avropa əməkdaşlığının qorunub saxlanması həlledici əhəmiyyət daşıyır.
Daha əvvəl Avropa Komissiyası 2026–2027-ci illərdə Ukraynanın maliyyələşdirilməsi üçün kompensasiya kredit sxemi adı altında Avropada dondurulmuş və ümumi dəyəri 210 milyard avro olan Rusiya aktivlərinin müsadirə olunmasını planlaşdırdığını açıqlamışdı. Komissiya eyni zamanda Aİ üzvü olmayan Qərb ölkələrini də bu təşəbbüsə qoşulmağa çağırıb.


